İslamçı ekstremistlər İraqın şimalında daha çox ərazini ələ keçirib. İŞİD qrupu sakinlərinin əksəriyyətini xristianlar təşkil edən çox sayda şəhəri işğal edib və minlərlə sakinin evlərindən qaçmasına səbəb olub.
Mosul şəhərinin milyonlarla əhalisini su və elektriklə təmin edən su bəndi də ələ keçirilib
Şahidlər deyir ki, yaraqlılar gecə yarısı İraqın yarımuxtar kürd regionu yaxınlığına hücum edərək, Qaraqoş və Tal Kayf şəhərləri də daxil olmaqla, bir neçə şəhəri zəbt edib.
Keşişlər on minlərlə mülki vətəndaşın onları müdafiə etməyə çalışan kürd döyüşçülərlə birgə qaçmağa məcbur olduğunu deyib.
Özünü İslam Dövləti adlandıran sünni islamçı qrupu iyun ayında İraqın şimal və qərbində böyük əraziləri tutaraq özünü xəlifət elan edib və insanları ya öldürüb, ya da ərazidən qaçmağa vadar edib.
Ötən həftə yaraqlılar Peşmergə adı ilə tanınan kürd döyüşçülərini alçaldıcı məğlubiyyətlə dəf edərək, Türkiyə ilə Suriya sərhədində iki neft obyekti də daxil olmaqla, strateji əraziləri ələ keçirib.
Bazar günü qrup zərdüşt təriqəti ilə əlaqəsi olan yezidi icmasından on minlərlə insana ultimatum verib. Yezidi icmasının bir çox üzvü su və ərzağa çıxışı olmayan Sinjar dağlarına qaçmağa vadar olub.
BMT-nin humanitar təşkilatının sözçüsü bildirib ki, yəzidilərin bəziləri xilas edilə bilib və BMT onlara yardım etməyə hazırlaşır. BMT ötən günlərdə 200 min insanın regiondan qaçmağa məcbur olduğunu bildirib.
BMT-nin Təhlükəsizlik Şurası İraqdakı durumla bağlı növbədənkənar sessiya çağırıb.
ABŞ on minlərlə məcburi köçkünə yardım göstərilməsi yollarını nəzərdən keçirir.
Roma Papası Fransis beynəlxalq ictimaiyyətə müraciət edərək, İraqdakı hümanitar faciəyə yardım göstərməyə çağırıb.