Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupu bu günlərdə beynəlxalq qurumlara müraciət edərək Azərbaycana sanksiyaların tətbiqini tələb edib. Qurum bunu ölkədə siyasi məhbusların sayının 158-ə yüksəlməsi ilə əsaslandırıb.
İşçi Qrupun üzvü Anar Məmmədli isə Amerikanın Səsi ilə yeni məhbus siyahısını və müraciəti müzakirə edib.
Amerikanın Səsi: Anar bəy, Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupu yeni siyahı açıqlayıb və artıq ölkədə siyasi məhbusların sayının 158-ə çatdığı bildirilir. Son siyahıdan bəri nələr dəyişib, neçə nəfər siyahıya daxil olub? Siyahıdan çıxarılan olubmu?
Anar Məmmədli: Son siyahımızın açıqlanmasından xeyli müddət keçib, təxminən 4-5 aylıq bir müddət keçib. Ötən müddət ərzində təbii ki, həbs olunan şəxslərin sayında artım var. Həmin müddətdə azad olunan şəxslər də olubdur, amma onlar əfv fərmanı və ya amnistiya əsasında deyil, həbs müddətləri başa çatdığı üçün azadlığa çıxıblar.
Azərbaycanda hakimiyyət getdikcə daha çox dözümsüz yanaşır alternativ fikrə, ölkədə siyasi baxışlara.Anar Məmmədli
Həbslərlə bağlı belə bir şey deyə bilərəm ki, siyasi motivli həbslərin sayı son dövrdə xeyli artıb. Mən burada Gözəl Bayramlının həbsini, Əfqan Muxtarlı və son günlərdə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və digər bloger Mehama Hüseynovun adını çəkə bilərəm ki, bunlar son günlərdə tanınmış siyasi məhbuslar kimi bizim siyahımız daxil olan şəxlərdir, amma başqa təzyiqlər də var təbii ki. Elə şəxslər var ki, inzibati motivli həbslərə məruz qalırlar və yaxud təqib nəticəsində ölkəni tərk etməli olurlar.
Eyni zamanda bildiyiniz kimi son il yarımda ən ciddi, səs-küylü məhkəmə proseslərindən biri də Nardaran işi kimi cəmiyyətə tanınan işdir və həmin işə görə həbs olunanların sayı da xeylidir. Demək olar ki, artıq 90 nəfərdir. Bütün bu proses onu göstərir ki, Azərbaycanda siyasi motivli həbslərlə bağlı trend neqativə doğru gedir, yəni hər hansı bir proqres yoxdur, daha çox reqres var bu sahədə.
Amerikanın Səsi: Siz son dönəmdə siyasi məhbusların artımını nə ilə əlaqələndirsiniz?
Anar Məmmədli: Mənə elə gəlir ki, bu təbii ki, siyasi hakimiyyətin davranışları ilə bağlıdır. Azərbaycanda hakimiyyət getdikcə daha çox dözümsüz yanaşır alternativ fikrə, ölkədə siyasi baxışlara. Yəni həbs olunan şəxslərin demək olar ki, böyük əksəriyyəti bu və digər formada hakimiyyət tərəfindən indiyədək təzyiqlərə məruz qalmış şəxslərdir. Yəni konkret olaraq Turan İnformasiya Agentliyinin örnəyini götürsək, Turan Azərbaycanda sonuncu müstəqil media idi və necə ki, digər media orqanları Azərbaycanda təzyiqlərə məruz qalırlar, Azərbaycan höküməti tərəfindən müxtəlif formalarda təzyiqlərlə üzləşirlər, bu prosesdən turan da əziyyət çəkirdi, ancaq Turan hansısa formada çalışırdı ki, öz varlığını qorusun, yəni bir media orqanı olaraq maddi, siyasi şərtlərə baxmayraq, qorunmağa çalışırdı. Görünür ki, buda hakimiyyəti qane etmədi və hakimiyyət ümumiyyətlə Turan İnformasiya Agentliyinin qapadılmasını, belə deyək, ölkə çapında bu quruma yer olmadığını düşündü və meydanın tamamilə müstəqil medianın üzünə bağlanması xəttini tutdu. Yəni bütün bunlar təbii ki, hakimiyyətin getdikcə artan siyasi plüralizmə, Azərbaycanda olan azad sözə dözümsüzlüyündən qaynaqlanır. Biz görürük ki, hakimiyyət çox ciddi şəkildə alternativ fikirdən, alternativ baxışlardan narahatdır və bu artım getdikcə özünü daha kobud şəkildə, daha zorakı formada təzahhür etdirməkdədir. Bir məsələ budur.
İkinci məsələ Azərbaycanla bağlı siyasi təzyiqlər və təqiblərlə bağlı beynəlxalq reaksiyaların çox güclü olmaması ilə bağlıdır. Yəni, götürək, məsələn Turan İnformasiya Agentliyinin rəhbəri Mehman müəllimin həbsi ilə bağlı reaksiyaları. Çox təəssüf doğurur ki, reaksiyalar, deyərdim, çox dişsizdir, xeyli dərəcədə sərt deyil. Yəni, mən deyərdim ki, baş vermiş olaylara adekvat deyil. Faktiki olaraq Azərbaycanda azad söz üçün, azad fikir üçün yeganə müstəvi olan Turan İnformasiya Agentliyi qapadılır və Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlardan ciddi reaksiyalar eşidilmir. Mən burada qeyd etmək istərdim ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun reaksiyasını, Avropa Şurasının strukturlarının reaksiyası, istər Avropa Birliyinin, istərsə də Azərbaycanda maraqları olan demokratik dünyanı təmsil edən ölkələrin reaskiyalarını.
ABŞ Dövlət Departamentinin reaksiyası bir az sərtliyi ilə seçildi, amma digər strukturlar tərəfindən müşayiət olunmadı və bu, təəssüf doğurur. Və beynəlxalq diqqətin zəif olduğu belə bir dövrdə, Azərbaycan hakimiyyəti çox rahat şəkildə azad sözü, azad fikri, azad baxışları təmsil edən, daha çox tənqidi çıxışlar ilə seçilən insanlara qarşı belə basqıları daha da artırır.
Amerikanın Səsi: Siz beynəlxalq qurumlara müraciət ünvanlamısınız və Azərbaycana qarşı sanksiyalar tələb etmisiniz. Bu qurumların Azərbaycan hökümətinə qarşı nə cür sanksiyalar tətbiq etməsini gözləyirsiniz?
Anar Məmmədli: Bilirsiniz, Azərbaycan hakimiyyəti kifayət qədər beynəlxalq cəmiyyətdən, beynəlxalq dünyadan maraqları olan və, belə deyək, gözləntiləri olan bir hakimiyyətdir. Azərbaycan hakimiyyəti, baxmayaraq ki, insan hüquqları və demokratik azadlıqlar sahəsində çağırışlara məhəl qoymur, yetərincə dünya birliyi və beynəlxalq strukturlar ilə bu və digər formada müzakirələri olan, yeri gələndə alış-verişi olan hakimiyyətdir. Və bizi qane etmir ki, baxmayaraq ki, bu qədər pozuntular var beynəlxalq strukturlar belə bir hakimiyyətə sanki seyirci mövqeyindədir.
Məsələn biz daha da detallı baxsaq, Avropa Şurası strukturları İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı yetərinsə səylər nümayiş etdirə bilmirlər. Avropa İnsan Haqları Məhkəməsinin ortada olan qərarı var. Bu qərarın icrası ilə bağlı nə Avropa Şurası Nazirlər Komitəsi, nə Avropa Şurası baş katibi yetərincə prinsipial və barışmaz mövqe göstərə bilmir. Bunula bağlı dəfələrlə səslənmişik. Avropa Şurası sanksiya tətbiq edə bilər: məsələn Azərbaycan parlamenti nümayəndə heyətinin səs vermə hüququnun əlindən alınması və ya başqa növ sanksiyalar ola bilər ki, Avroa Şurası bunu qəbul edə bilər. Eyni şeyi Avropa Parlamentindən də gözləyirik ki, Avropa Parlamenti bu kimi məsələlərə daha sərt ola bilər. Konkret olaraq Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair Avropa Parlametinin 2015-ci ilin senytabrında qəbul etdyi qətnamə var. Həmin qətnamənin icrası ilə bağlı hansı addımlar atılıb? O qətnamədə adı çəkilən şəxslərin neçəsi həbsdən azad edilib? Avropa Parlamenti məsələi xüsusi monitorinq altına göturə bilər, çünki Azərbaycan hazırda Avropa Birliyi ilə müzakirələr yaşayan bir ölkədir. Avropa Birliyi ilə Azərbaycan arasında iki tərəfli sazişin imzalanması ilə bağlı müzakirələr gedir. Belə bir müstəvidə sanksiyalar yaxud reaksiya Avropa Birliyi tərəfindən nə ola bilər? Müzakirələri ən azından dayandırmaq ki, nə qədər Azərbaycan siyasi azadlıqlara bu cür münasibet besleyir, belə bir hakimiyyətlə danışıqların aparılmasi, hər hansı strateji əməkdaşlıq sazişinin imzalanması imitasiyadan başqa bir şey deyil. Yəni belə bir mövqe ortaya qoyulmalıdır.
Bizi qane etmir ki, baxmayaraq ki, bu qədər pozuntular var beynəlxalq strukturlar belə bir hakimiyyətə sanki seyirci mövqeyindədir.Anar Məmmədli
Eyni şeyi, tutalım ki, biz Avropa Parlamentində, Avropa Şurasında təmsil olunan, Qərb demokratiyasını təmsil edən dövlətlərdən gözləyirik, Almaniya olsun, Fransa olsun, Böyük Britaniya olsun. Yəni İsveç, Belcika kimi dövlətlər daha çox mövqe qoya bilərlər ortalığa. Yəni təbii ki, gözləntilərimiz var və biz düşünürük ki, bu qurumlar, bu dövlətlər Azərbaycanda baş verən olaylara seyirci qalmamalıdırlar, necə ki Türkiyədə baş verən siyasi repressiyalara sərt mövqe sərgiləyirlər, hansısa çıxışlar edirlər. Məsələn Avropa Parlamentinin bu yaxınlarda hesabatı oldu, Avropa Birliyi ümumiyyətlə dayandırdı Türkiyə ilə müzakirələr prosesini. Yəni bu kimi məsələlərdə mənə elə gəlir Azərbaycan hökümətinə təzyiq etmək olar, cünki Azərbaycan hal-hazırda Qərb maliyyə resurslarından, Qərbin maliyyə-texniki dəstəyinden asılı olan ölkəyə çevrilməkdədir. Azərbayan höküməti çox çalışır ki, ölkədəki maliyyə-iqtisadi böhranından çıxış yolları tapmaq üçün müəyyən yardımlar alsın, amma belə bir müstəvidə, belə bir şəraitdə təbii ki, Qərbin də edə biləcəkləri var, insan hüquqlarını ve demokratik maraqları göz ardı etmədən.
Bizə, doğrusu, xoş deyil ki, Azərbaycan həm ATƏT-in üzvüdür, həm Avropa Şurasının üzvüdür, eyni zamanda Avropa Birliyi ilə tərəfdaşlıq prosesinin üzvüdür, amma bu prosesdə qalır, imitasiya edə bilir və heç bir ciddi təpkilərə məruz qalmır. Bu, bağışlanmazıdr və qəbuledilməzdir bizim üçün.