Accessibility links

Şirməmməd Hüseynov: Azərbaycan bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir


Şirməmməd Hüseynov: Azərbaycan bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir
Şirməmməd Hüseynov: Azərbaycan bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağı dövlət bayrağı kimi qaldırıb.

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti ilk dəfə olaraq üçrəngli bayrağı dövlət bayrağı kimi qaldırıb. 1920-ci ildə AXC-nin süqutundan sonra sovet bayrağı qəbul edilib. Lakin, 1988-ci ilin noyabrında milli-demokratik hərəkat zamanı üçrəngli bayraq Bakının mərkəzi “Azadlıq” meydanında yenidən qaldırılıb. 1990-cı ilin noyabrında üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib, sonra isə Azərbaycanın dövlət atributu kimi bərpa olunub. Dövlət Bayrağı Günü prezident İlham Əliyevin 2009-cu il 9 noyabr tarixli sərəncamı ilə təsis edilib.

Azərbaycan bayrağı üzərində səkkizguşəli ulduz və aypara olan mavi, qırmızı, yaşıl rəngli üfüqi zolaqlardan ibarətdir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olduğunu (qədim türklərdə mavi rəng səma, yəni yüksək nəciblik rəmzi olub), qırmızı onun müasirliyə can atmasını, yaşıl islama mənsubluğunu əks etdirir.

Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində dövlət bayrağının tarixi və onun ictimai-siyasi məzmunundan danışıb. Professor hesab edir ki, bayrağın ictimai-siyasi məzmunu daim müdafiə olunmalıdır.

Sual: Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir. Dövlət bayrağı nə vaxt qaldırılıb?

Cavab: 1918-ci il iyulun 21-də Azərbaycan hökuməti Gəncədə olarkən bayraq haqqında ilk qərar qəbul edib. Bu bayraq bir rəngli, qırmızı və aypara-səkkizguşəli ulduzlu idi. Bu türk bayrağı idi və vaxtı ilə Elxanilərin bayrağı olub. Türklər neçə əsrlər bu bayraq altında vuruşub. Məhz, bu bayraq altında da Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad edib. 1918-ci il noyabrın 11-də türklər Bakını tərk etməli idi. Türkiyə Birinci Dünya müharibəsində məğlub olmuşdu, 1918-ci oktyabrın 30-da bağlanan Mudros sülh müqaviləsinə əsasən Türkiyə ordusu Zaqafqaziyanı (Cənubi Qafqaz - T.F) tərk etməli idi. Noyabrın 17-də ingilis ordusu Ənzəlidən Bakıya gəlməli idi. Türkiyə ordusu təntənəli şəkildə yola salındı və Azərbaycan hökuməti müharibədə məğlub olmuş Türkiyənin bayrağı ilə ingilisləri qarşılaması düzgün olmazdı. İkincisi isə, Müsavat Partiyasının məşhur şüarı var idi: türkləşmək, müasirləşmək və islamlaşmaq. Odur ki, 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti üçrəngli bayraq haqqında qərar qəbul etdi. İlk olaraq, bu bayraqla Bakı limanında ingilisləri qarşıladılar. Həmin bayraqla da 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası açıldı. Bütün şəhər Azərbaycan bayraqları ilə bəzədilmişdi. Həmin üçrəngli bayraq indiki dövlət bayrağıdır. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdi və bu bayrağı dövlət bayrağı kimi yenidən qaldırdı. Üçrəngli bayraq 1988-1990-cı illər milli azadlıq hərəkatı zamanı keçirilən mitinqlərdə Türkiyədən Azərbaycana gətirilərək qaldırılıb.

Sual: Müsavat hökuməti Azərbaycanın üçrəngli bayrağını qaldıranda, türkləşmək, müasirləşmək, yəni demokratikləşmək, islamlaşmaq şüarını irəli sürüb. Hazırda Azərbaycan hökuməti bu şüarın reallaşdırılması istiqamətində siyasət aparırmı?

Cavab: Əlbəttə, aparır. Məmməd Əmin Rəsulzadə 1915-ci il oktyabrın 2-də Açıq Söz qəzetini nəşr edəndə “Tutacağımız yol” adlı baş məqalə yazıb. Həmin məqalədə bu şüarı irəli sürüb: türkləşmək, müasirləşmək, islamlaşmaq. 1916-cı ildə Açıq Söz qəzetinin bir illiyi münasibəti ilə yenə Məmməd Əmin Rəsulzadə “Tutduğumuz yol” adlı baş məqalə yazıb. Baş məqalədə yazır ki, bu şüarı belə dəyişməliyik, birinci müasirləşmək, türkləşmək və sonra islamlaşmaq. Sonra, 1918-ci ilin noyabrında bayraq qəbul ediləndə yenidən türkləşmək, müasirləşmək və islamlaşmaq şüarı qəbul edildi. Bu üçlük formulu vaxtı ilə üç dəfə yerini dəyişib.

Sual: Azərbaycan hökuməti Bayraq Meydanı qurub və Azərbaycan bayrağı zirvələrdə dalğalanır. Bayrağın ictimai-siyasi məzmununun həyata keçirilmə vəziyyəti necədir?

Cavab: Bayraq perspektiv, uzunmüddətli düşünülmüş bir atributdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Sonra, o bayrağı endirdilər. Məmməd Əmin Rəsulzadə deyib ki, hər əski parçası bayraq deyil. O, eyni zamanda deyib ki, bir kərə yüksələn bayraq, bir daha enməz. Deyirdi ki, bayraq var ki, bir əski parçasıdır, amma bayraq var ki, insanların qanında, canında, tarixi yaddaşında, qəlbində ucaldılmış müstəqillik və dövlət rəmzidir. O dövlət yaşamırsa, o bayraq əski parçasıdır. Azərbaycan xalqı və dövləti bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir. Məmməd Əmin Rəsulzadə müasirləşmək düşünəndə deyirdi ki, bizə qərbin elmi, texnikası vacibdir, Avropadan demokratik quruluşu götürməliyik, amma şərq əxlaqı qalmalıdır. İslam deyəndə, Məmməd Əmin Rəsulzadə min illər ərzində formalaşmış millərin əxlaqını, düzlüyünü, halallığını, namusluluğunu, qeyrətliliyini nəzərdə tuturdu.

Sual: Sovet dönəmində Azərbaycan bayrağının bir rəngindən, islam rəngindən imtina etdilər. Ay-ulduzdan da imtina edildi, Sovet rəmzləri əlavə edildi. Amma, Azərbaycan xalqının qəlbindən üçrəngli bayraq eşqini Sovet imperiyası, kommunist rejimi silə bilmədi. O dövrü necə təsəvvür edirsiniz?

Cavab: Azərbaycan bayrağından Sovet nəslinin böyük bir qisminin məlumatı yox idi. Ayrı-ayrı şəxslər, ziyalılar bu fikrin daşıyıcısı olub. Eyni zamanda, Məmməd Əmin Rəsulzadə və müsavatçılar heç zaman təbliğatlarını, müstəqillik uğrunda mübarizələrini dayandırmadı. Xaricdə olan müsavatçılar Azərbaycan bayrağını qoruyub saxladılar. Mən ilk dəfə 1988-ci ildə Ankarada Azərbaycan Kültür Mərkəzində üçrəngli bayrağımızı gördüm. Orada uşaqlar, rəsmilər bu bayrağı qaldırmışdı. Yəni, bayrağı mühacirlər, siyasi mühacirlər yaşatdılar. Çünki, Azərbaycanda o bayrağı kimdə tutsa idilər yeri müsavatçılar kimi Sibir idi, güllələnmək idi.

Bayraq bayramı ən müqəddəs bayramlardan biridir. Amma, elə etmək lazımdır ki, biz bayrağı yaradan kişilərə layiq demokratik, müasir, sosial ədalətli, insaflı, halal bir cəmiyyət yaradaq.

XS
SM
MD
LG