İrma qasırğası güləndikdən sonra Ki Vest sahillərinə çataraq, Floridanın boğazlarındakı mülayim sular üzərində hərəkət edir.
Hazırda gücünə görə 4-cü kateqoriyaya aid edilən qasırğa saatda 210 kilometr sürətlə əsən küləklərlə müşayiət olur. İrma qasırğasının Floridanın bəzi yerlərinə böyük dağıntılar gətirəcəyi gözlənilir.
Qasırğanın əvvəlcə Ki Vestdən keçərək, sonradan Florida ştatının qərb sahili ilə hərəkət edəcəyi bildirilir. Qasırğanın istiqamətini qərbə götürməsi ilə hazırda sahildə yerləşən Sank Petersburq şəhəri əsas diqqət mərkəzindədir. Bundan əvvəlki proqnozlara əsasən, Floridanın şərq sahilindəki Mayami şəhərinin İrma qasırğasının təsirinə ən çox məruz qalacağı gözlənilirdi.
Florida ştatının qubernatoru Rik Skott şənbə günü axşam fövqəladə vəziyyətin elan edildiyini bildirərək, insanları təxliyyə zonalarını tərk etməyə çağırıb.
75 min nəfərdən çox insan qubernatorun çağırışına qoşularaq, ştatda yaradılmış 400 fövqəladə sığınacaqda yerləşib. 76 min ailənin işıqsız qaldığı xəbər verilir.
Qasırğanın istiqamətini dəyişərək qərbə hərəkət etməsi nəticəsində Tampa şəhərinin sakinləri də sığınacaqlara üz tutur. Tampa bir əsr ərzində heç bir qasırğanın təsirinə məruz qalmayıb.
ABŞ prezidenti Donald Tramp və onun kabinetinin üzvləri şənbə günü Merilend ştatında Kemp Deyviddə prezident iqamətgahında görüş zamanı İrma qasırğası ilə bağlı müzakirələr aparıb.