Accessibility links

İREX: Azərbaycandakı fəaliyyətimiz qanunvericiliyə uyğundur və yenə davam edir


İREX Azərbaycan Nümayəndəliyi
İREX Azərbaycan Nümayəndəliyi

Təşkilatın Azərbaycan Nümayəndəliyi barəsində yayılanları qarayaxma hesab edir

ABŞ-ın İREX təşkilatının Azərbaycan Nümayəndəliyi açıqlama yayıb. Sənəddə son zamanlar təşkilatla bağlı yayılan şayiələrə aydınlıq gətirilir.

Xatırladaq ki, bu il iyulun sonunda Baş Prokuroluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində bir sıra xarici və yerli QHT-lərlə bağlı qaldırılmış cinayət işi üzrə İREX təşkilatının Azərbaycan Nümayəndəliyinin bank hesablarına həbs qoyulub.

Nümayəndəliyin açıqlamasında deyilir:

Son zamanlar çox təəssüf ki, bəzi üzdəniraq “veb resursları” ölkənin ciddi gündəmini bir tərəfə qoyaraq, durmadan yalan və böhtan dolu yazılarla son 17 ildə Azərbaycanda təhsilin və jurnalistikanın inkişafına ciddi dəstək verən, internet infrastrukturunun genişlənməsinə, regionlarda əhalinin internetə çıxışına əvəzsiz yardımları olan İREX təşkilatına qara yaxmağı özlərinə peşə seçiblər.

İREX Azərbaycan Nümayəndəliyi bəyan edir ki, Azərbaycandakı bütün fəaliyyətləri Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib və yenə də davam edir. Ölkədəki bütün fəaliyyət Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə sıx koordinasiya edilmiş, bütün fəaliyyətlər qarşılıqlı əlaqələndirmə ilə və onlara məlumat verilərək davam etdirilmişdir.

İREX-in əsas fəaliyyəti Azərbaycanın istedadlı gənc insanlarının müxtəlif xarici universitetlərdə pulsuz təhsil almasına yardım etmə olmuş, bu günə qədər yüzlərlə insan bu imkandan istifadə edərək Azərbaycana qayıdıb, müxtəlif yerlərdə fəaliyyət göstərirlər. Bunlar eyni zamanda idarəetmədən istehsalatadək hər yerdə var.

İREX Azərbaycandakı fəaliyyəti dövrü ərzində dövlət və hökumət qurumları ilə əməkdaşlığını sadəcə bilgiləndirmə və koordinasiya çərçivəsində deyil, icra səviyyəsində də qurmuşdur. Müxtəlif dövrlərdə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərpoçt MMC, Dövlət -Universitetləri, İctimai Televiziya, Regional Televiziyalar ən sıx əməkdaşlıq etdiyimiz qurumlar olub. İREX Azərbaycanı bir bütün görür və hər hansı ayrıseçkilik olmadan istər dövlət, istər QHT, istər Kommersiya qurumları və vətəndaşlarla əməkdaşlıq edir.

Ayrıca, İREX-Azərbaycan Nümayəndəliyi Azərbaycan Qanunlarının tələblərinə hər zaman hörmətlə yanaşır, öz işini bütün qanunvericiliyin o cümlədən 18 İyul 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qurub.

Dəyərli media nümayəndələri, İREX-in fəaliyyəti haqqında və onun rəhbərləri, işçiləri haqqında son zamanlar müxtəlif sifarişli media qurumlarında tirajlanan bütün iddialar əsassızdır, yalandır, uydurmadır və böhtandır. Sizdən xahiş edirik, fakta söykənməyən, jurnalist etikasına əməl etmədən qərəzli və tərəfli hazırlanan yazıları dəqiqləşdirmədən öz səhifələrinizdə, ekranlarınızda, qəzetlərinizdə tirajlamayın.

Azərbaycan qanunvericiliyinə görə qurumun nüfuzuna zərər vurmaq hüquqi məsuliyyət yaradır. Sizi hüquqa hörmət etməyə, başqalarına zərər vurmamağa, obyektiv və peşəkar olmağa və qalmağa çağırırıq”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG