Accessibility links

Dublində məktəb yaxınlığında baş verən bıçaqlanmalardan sonrakı iğtişaşlarla əlaqədar 34 nəfər həbs edilib


İrlandiya polisi cümə axşamı gecə naməlum şəxsin üç uşağı bıçaqlamasından sonra Dublinin mərkəzində ifrat sağçı etirazçıların polisə hücum etməsi, mağazalara ziyan vurması və avtomobilləri yandırmasının ardınca 34 nəfəri həbs edib.

Reuters xəbər verir ki, cümə axşamı, noyabrın 23-ü axşam saatlarında İrlandiyanın paytaxtı Dublinin mərkəzində bıçaqla silahlanmış bir şəxsin yoldan keçənlərə hücum edərək, üçü uşaq olmaqla, beş nəfəri yaralamasından sonra şəhərdə iğtişaşlar başlayıb.

BBC-nin yazdığına görə, Dublinin bir neçə bölgəsində bir qrup aqressiv etirazçı ilə polis arasında toqquşmalar baş verib. Nümayişçilər miqrantlar əleyhinə şüarlar səsləndirib.

İğtişaşlar zamanı polis maşını, sərnişin avtobusu və metro qatarı yandırılıb. Etirazçılar polisə daş atıb, dükanların vitrinləri sındırılıb və talan edilib. Polis iğtişaşçıları ifrat sağçı ideologiyaya bağlı xuliqanlar adlandırıb.

Dublin polisinin məlumatına görə, iğtişaşlar noyabrın 24-ü, cümə günü səhərə yaxın səngiyib və etirazçılar şəhərin mərkəzi küçələrini tərk edib.

Dublinin polis rəisi Patrik Makmenamin deyib ki, toqquşmalar nəticəsində ciddi xəsarət alanlar barədə məlumat yoxdur. Polis onlarla etirazçını saxlayıb.

"Biz indi Dublinin mərkəzində patrulları 400-dən çox növbətçi zabitlə artırdıq. Dublinin mərkəzində hazırda sakitlikdir və şəhər normal vəziyyətə qayıdır. Biz vəziyyəti izləməyə davam edəcəyik" - deyə, Patrik Makmenamin bildirib.

BBC-nin yazdığına görə, yoldan keçənlərə hücum cümə axşamı günorta Dublindəki bir məktəb yaxınlığında baş verib. Hücum nəticəsində üçü uşaq olmaqla, beş nəfər yaralanıb. İki beş yaşlı qız və 30 yaşlı qadın ağır yaralanıb.

RTE hücum edən şəxsin yoldan keçənlər tərəfindən saxlandığını, onun da yaralandığını və ona tibbi yardım göstərildiyini bildirib.

Forum

XS
SM
MD
LG