Accessibility links

Şiə müsəlman din xadiminin siyasətdən gedəcəyini elan etməsindən sonra İraq paytaxtında qarşıdurma zamanı 5 nəfər ölüb


Nüfuzlu şiə müsəlman din xadiminin bazar ertəsi siyasətdən gedəcəyini elan etməsindən sonra onun tərəfdarları ilə rəqib siyasi qrupların tərəfdarları arasında İraq paytaxtında baş verən toqquşmalar zamanı beş nəfər ölüb.

Polis və səhiyyə işçiləri şiə din xadimi Müqtəda Əl-Sədrin istefa ilə bağlı açıqlamasından sonra baş verən zorakılıqlar zamanı azı 19 nəfərin yaralandığını bildirib.

Qarşıdurma Yaşıl Zona-da İran tərəfdarı rəqib şiə bloku Koordinasiya qrupunun tərəfdarları ilə Əl-Sədrin tərəfdarları arasında baş verib. Əl-Sədrin tərəfdarları hökumət sarayına basqın edib.

İraq hərbi qüvvələri saat 15:30-dan etibarən ölkə üzrə komendant saatı elan edib və etirazçıları Bağdadda beynəlxalq nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonadan çıxmağa çağırıb.

Zorakılıqlar Əl-Sədr ölkədə siyasi vəziyyətin çıxılmaz duruma düşdüyünə görə siyasətdən getdiyini elan etməsindən bir neçə saat sonra başlayıb.

Oktyabr seçkilərində din xadimi ən çox yer qazansa da, çoxluğu qazanmayıb. O, iyun ayında İranın dəstəklədiyi şiə rəqibləri ilə koalisiya hökuməti qurmaqdan imtina etdikdən sonra bütün deputatlarını parlamentdən geri çağırıb.

Əl-Sədr bütün parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

Durğunluq ölkədə siyasi qeyri-müəyyənliyə və qeyri-sabitliyə səbəb olub. Əl-Sədrin tərəfdarları din xadiminin tələblərini yerinə yetirmək üçün bir həftədir parlamentdə oturaq aksiya keçirir.

Əl-Sədr yenidən hakimiyyətə qayıtmaq üçün əvvəllər də siyasətdən uzaqlaşıb. Onun tənqidçiləri onun son addımını daha çox güc əldə etmək cəhdi kimi qiymətləndirib.

Şiə din xadiminin həm ABŞ, həm də İrana qarşı çıxan çox sayda davamçısı var.

Birləşmiş Millətlər Təşkilatının İraqdakı Yardım Missiyası bazar ertəsi ölkədə baş verənləri “son dərəcə təhlükəli eskalasiyası” adlandırıb.

Təşkilat etirazçıları “Bağdadın Beynəlxalq Zonasını dərhal tərk etməyə” və “bütün hökumət binalarını boşaltmağa” çağırıb.

XS
SM
MD
LG