Accessibility links

Sepah İran Azərbaycanında seçici fəallığını yüksəltmək üçün kampaniya aparır


İranın ali ruhani lideri Seyyid Əli Xameneyiyə yaxın qüvvələr iyun ayında keçiriləcək prezident seçkilərində İran Azərbaycanında seçici fəallığını yüksəltmək üçün kampaniya aparır.

İslam İnqilabı Qvardiyası (Sepah) və onun könüllü “Bəsic” qüvvələri Twitter və Instragmda türk və fars dillərində paylaşdıqları #Azərbaycan_Dayaqdır və #Təbriz_Öndədir kimi haştaqlar ilə səsverməyə qatılaraq İslam İnqilabına bağlılıqlarını nümayiş etdirəcəklərini ifadə edirlər.

“Azərbaycan_Dayaqdır” haştaqını paylaşan istifadəçilər İran Azərbaycanında hökümətyönlü qüvvələrin təşkil etdiyi mitinqlərdə səsləndirilən “Azərbaycan oyaqdır, inqilaba dayaqdır” şüarına işarə edirlər.

#Azərbaycan_Dayaqdır haştaqını paylaşan Təbrizin mühafizəkar millət vəkili Ruhullah Mütəfəkkir Azad yazıb ki, “qəhrəman Azərbaycan inqilabın bütün kritik dönəmlərində əsas və aparıcı rol oynadığı kimi inqilabın bu mərhəsində də yüksək əhval-ruhiyyə ilə seçkilərə qatılaraq namizədlərin ən yaxşısını seçəcəkdir.”

Kampaniyaya qatılan istifadəçilər arasında Mütəfəkkir Azad kimi həqiqi şəxslər olsa da, yüzlərlər bot və trol hesablar da görünür. Bu hesabların bir çoxunda “Türk qızı” və “Anam Azərbaycan” kimi türk fəalların istifadə etdiyi adlara oxşar istifadəçi adları seçilib.

İranda ancaq ali ruhani liderə bağlılıqlarına sübut etmiş siyasətçilər prezident seçkilərinə namizəd ola bilir. İslam Respublikasının ideyaları və ali dini liderə bağlı olduğuna şübhə ilə baxılan namizədlər Nigəhban Şurası (Konstitusiyanı Qoruma Şurası) tərəfindən diskvalifikasiya edilir. Bu durum İranın müxtəlif bölgələrində seçici aktivliyinin aşağı səviyyəyə düşməsinə yol açır.

İran Azərbaycanında keçirilən məclis seçkilərində bəzi namizədlərin türk dilində təhsil məsələsini gündəmə gətirməsi seçici fəallığının artmasına səbəb ola bilir. Ancaq keçmiş illərdə türklər və digər qeyri-fars icmaların yaşadığı bölgələrdə prezident seçkilərində iştirak səviyyəsi olduqca aşağı olub.

XS
SM
MD
LG