İranda anti-hökumət etirazlarında iştirak etmiş gənc iranlının iddia edildiyinə görə həbsdə ölməsi barədə xəbər, saxlanmış etirazçılar və ya dissident hesab edilənlərlə hakimiyyətin qəddar rəftarı və onlara divan tutulması ehtimalı ilə bağlı dərin narahatlıqlar yaranıb.
Ötən ayın sonlarında yer almış etirazlarda həbs edilənlərin taleyinin müəyyənləşdirilməsi ilə məşğul olan fəallar yanvarın 7-də bildiriblər ki, 22 yaşlı Sina Qənbəri həbsxanada “naməlum səbəblərdən” ölüb.
Bəziləri 2009-cu ilin etirazları zamanı həbsxanada olmuş fəallar bildirirlər ki, onların könüllü əsasda yaratdıqları komitəyə Qənbərinin ölümü barədə xəbəri bundan əvvəl azad edilmiş başqa etirazçılar çatdırıblar.
Bu kimi təsdiq edilməmiş xəbərlərin ardınca, yanvarın 8-də Tehran əyalət həbsxanasının rəhbərliyi bildirib ki, Qənbəri özünü həbsxananın ayaqyolunda asıb.
Həbsxana rəsmisi Mostafa Mohebi yarı-rəsmi ISNA agentliyinə deyib: “Şənbə günü səhər, yanvarın 6-da məhbuslardan biri – Sina Qənbəri Əli Əkbər oğlu karantin seksiyasının tualetinə gedib və orada özünü asıb”.
Mohebi bunu da deyib ki, həbsxanaya prokuror gəlib və “həbsxana keşikçilərini, habelə məlumatı olanları” dindirib.
Fəallar komitəsinin 2009-cu ildə bir müddət həbsxanada saxlanmış üzvü, jurnalist Mehdi Mahmudian deyib ki, Qənbəri Tehrandakı Evin həbsxanasının karantin hissəsində saxlanırdı. Məhbuslar əsas korpusa köçürülməzdən əvvəl bir müddət həbsxananın bu bölməsində saxlanırlar.
Daha bir Kəhrizək xofu
Bəzi məlumatlara görə, Mahmudian 2009-cu ildə məhbuslara qarşı qəddar rəftarı ilə tanınmış Kəhrizək təcridxanasından ictimaiyyətin məlumatlandırılmasında həlledici rollardan birini oynayıb.
Qənbərinin ölümü haqqında məlumatı İran parlamentinin iki üzvü də təsdiq edib.
İslahatyönlü millət vəkillərindən Mahmud Sadegi Twitter-də İran rəsmilərinə 2009-cu ildə baş vermiş etirazlar zamanı yol verilmiş rəftarın təkrar olunmaması barədə xəbərdarlıq edib. O vaxt Kəhrizək saxlama məntəqəsində tutulanlara işgəncə verilməsi və onların zorlanması barədə xəbərlər yayılmışdı.
Sadegi yazıb:"Mən prezidentə, ədliyyə və kəşfiyyat rəsmilərinə ikinci Kəhrizəkin törədilməməsi üçün xəbərdarlıq edirəm”.
İranda dekabrın sonlarından başlayan etirazlarda indiyədək azı 22 nəfərin öldüyü xəbər verilib. Qənbərinin ölümü həbsxanada baş vermiş ilk ölüm hadisəsidir.
Oğlu Soheil Ağazadeh bu yaxınlarda başqa 80 tələbə ilə birlikdə saxlanmış Mohammad Aghazadeh deyib ki, “bu intihar xəbəri ilə həbsxanadakı gənclərin ürəklərinə bıçaq saplanıb”.
Onun sözlərinə görə hətta intihar xəbəri doğrulsa belə, bu o deməkdir ki, “onlar sizin rəftarınıza dözməkdənsə ölməyi üstün tuturlar”.
“Önləyici” həbslər?
Bəzi məlumatlara görə bir sıra saxlanmış tələbələr etirazlarda iştirak etməyiblər, amma bu barədə dəqiq məlumat almaq mümkün deyil.
Yanvarın 5-də millət vəkillərindən biri demişdi ki, hökumət əksər tələbələrin önləyici tədbir kimi həbs olunduğunu bildirib.
İran haklimiyyət orqanları etirazların əvvəlindən bəri 450 nəfərin həbs olunduğunu deyir. Lakin bəzi başqa məlumatlara görə bu rəqəm 1500-dən çoxdur.
Onlarca saxlananın sərbəst buraxıldığı, lakin yüzlərlə adamın hələ də həbsxanada qaldığı xəbər verilir.
Hakimiyyət orqanları sərbəst buraxılanların ailələrinə media ilə danışmamaq xəbərdarlığı edib.
Qonabadi sufi ordeninin üzvü Kasra Nuri həbs olunanların arasındadır. Onun anası Şukoufeh Yadullahi AzadlıqRadiosunun farsdilli Fərda radiosuna deyib ki, onun oğlu son anti-hökumət aklsiyalarında iştirak etməyib.
O, müsahibəsində deyib: “Onun niyə həbs olunduğu bilinmir. Kasra və onun üç dostu Tehrandakı Dey xəstəxanasına bir yoldaşlarına baş çəkməyə getmişdilər. Təhlükəsizlik əməkdaşları onları elektrik dəyənəkləri işlətməklə həbs ediblər və havaya atəş açıblar”.
Xanım Yadullahi deyib ki, oğlu Evin həbsxanasının 209-cu seksiyasında saxlanır.
Yanvarın 4-də Amnesty International beynəlxalq insan haqları təşkilatı İran hakimiyyətini “yüzlərlə məhbusu işgəncə və pis rəftardan müdafiə etməyə” çağırıb.