Şərqi Azərbaycan vilayətinin məhkəməsi “bölücü etnosentrist (qövmgera) qrupların xeyrinə rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamı ilə mühakimə etdiyi türk fəal və həkim Seyyid Camal Musəvinejadı bir il həbsə məhkum edib.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına istinadən Sarab şəhərinin İnqilab Məhkəməsinin çıxardığı hökm Şərqi Azərbaycan apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanıb.
Məhkəmə sənədində yazılanlara görə, müttəhimə qarşı irəli sürülən ittiham Ettelaat idarəsinin təhqiqatı və əldə etdiyi sənədlər vasitəsilə "sübut olunub".
Hökmdə “müttəhimi biganə ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərdən” məhkəmənin əsaslandığı sənədlər olaraq söz edilib.
Məhkəmə o cümlədən, Musəvinejadı Azərbaycan Respublikasının bayrağını öpərək göstərən fotoşəkillərə əsaslanaraq hökm çıxarıb. Hökmdə “müttəhimi biganə ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərdən” məhkəmənin əsaslandığı sənədlər qeyd olunur.
Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində yaşayan həkim həmçinin “Seyyid Cəfər Pişəvəri və onun öndərliyində 1945-ci ildə qurulmuş Azərbacan Milli Hökümətini tərifləmək”-də günahlandırılıb.
HRA-nın məlumatına istinadən türk fəal hazırda 400 milyon tümənlik (təqribən 92 min dollar) mülki zəmanətlə müvvəqəti azadlıqdadır.
Seyyid Camal Musəvinejad keçən illərdə də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və məhkum olunub.