Accessibility links

İran prezidenti azlıqlar məsələləri üzrə müşavirini təyin edib


İranın sünni kürd cəmiyyətinə mənsub olan din xadimi və siyasətçi Əbdüssəlam Kərimi etnik və dini azlıqlar üzrə prezident müşaviri təyin edilib.

Dövlət agentliyi IRNA prezident İbrahim Rəisinin bu haqda imzaladığı sərəncamı dərc edib.

Preizdentin sərəncamında yazılıb ki, “cənab Mamusta Əbdüssəlam Kərimi, sizin yüksək təəhhüd və dəyərli keçmişinizi nəzərə alaraq, bu sərəncama görə “etnik, dini və məzhəbi azlıqlar üzrə prezidentin müşaviri olaraq təyin edilirsiniz!”

“Mamusta” sünni kürd cəmiyyətində din xadimlərinə verilən ünvandır. Mamusta Əbdüssəlam Kərimi bundan əvvəl müxtəlif dövlət vəzifələrində çalışıb. O, 5 il Kürdüstan vilayəti Divandərə şəhərinin icra başçısı olub.

Prezident İbrahim Rəisi azlıqlar üzrə müşavirinin təyinində sabiq prezident Həsən Ruhanidən fərqli bir mövqe sərgiləyib. Həsən Ruhani həmin vəzifəyə şiə din xadimi olan Höccətül-İslam Əli Yunesini təyin etmişdi. O, azlıq icmalarına mənsub olmamaqla birlikdə, daha əvvəl təhlükəsizlik naziri olmuşdu.

Ruhaninin etnik və dini azlıqlar üzrə müşaviri Əli Yunesi dəfələrlə İranda etnik ayrı-seçkiliyi inkar etməsi və etnik icmalara qarşı açıqlamaları ilə gündəmə gəlmişdi. Onun 2018 aprel ayında İran Azərbaycanında yaşayan əhalini “türkcəni sonradan öyrənən azərilər” olaraq təqdim etməsi reaksiyalara səbəb olmuşdu.

XS
SM
MD
LG