Accessibility links

İranda azərbaycanlı məhbus quru aclıq edir


Behnam Şeyxi
Behnam Şeyxi

Behnam Şeyxi 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən həbs edilib

İranda həbsdə olan azərbaycanlı fəal quru aclığa başlayıb.

APA agentliyinin məlumatına görə Behnam Şeyxi bununla bağlı qohumu ilə telefon əlaqəsi zamanı xəbər verib. Azərbaycanlı fəal həmçinin bundan əvvəl qanunsuz həbsinə, zindanın ağır şəraitinə və məmurların kobud rəftarına etiraz əlaməti olaraq 11 gün aclıq aksiyası keçirdiyini deyib. “Həbsxana rəsmiləri işimi sürətləndirəcəyinə dair söz verdikdən sonra aksiyanı dayandırdım. Ancaq onların vədlərini yerinə yetirməməsi və heç bir əməli addım atmaları səbəbindən aprelin 24-dən quru aclığa başlamışam”.
B. Şeyxinin saxlanıldığı Tehranın Evin həbsxanasının 209-cu bəndində həkim müdaxiləsinə və ona serum qoşulmasına mane olduğu bildirilir. Hazırda azərbaycanlı fəalın fiziki vəziyyətinin ağır olduğu, başgicəllənməsi və kəskin baş ağrılarının olduğu qeyd edilir.

Qeyd edək ki, B.Şeyxi martın 5-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən iş yerində tutulub. Onun iş yerində yoxlama aparılıb, bir sıra şəxsi əşyaları müsadirə edilib. Azərbaycanlı fəalın səhhəti aclıq aksiyası zamanı kəskin pisləşdiyindən bir neçə dəfə zindan klinikasına köçürülüb. Ailə üzvləri onunla yaxından görüşmək istəsə də, həbsxana rəhbərliyi buna imkan verməyib. Bundan əvvəl də B.Şeyxi 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində öz mənzilində həbs edilib. ETTELAAT əməkdaşları onun evində və iş yerində axtarışlar aparıb, fəala məxsus kitabları, əlyazmaları, CD-ləri, kompüteri, ailəvi şəkil albomunu müsadirə ediblər.

B. Şeyxi 25 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasına, daha sonra Təbriz şəhərinin mərkəzi həbsxanasının karantin bölümünə köçürülüb. Azərbaycanlı fəal 2011-ci il noyabrın 5-də 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. B.Şeyxi Rəhim Həmlbərin sədrliyi altında Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilən prosesdə hakimiyyət əleyhinə təbliğat aparmaq və ictimai təhlükəsizliyi pozmaq ittihamı ilə mühakimə olunub. Məhkəmə onu hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 6 ay həbs cəzası kəsib.

Azərbaycanlı fəal 2009-cu il iyunun 9-da da İranın eks-prezidenti Məhəmməd Xatəminin azərbaycanlıları təhqir etməsinə etirazını bildirdiyinə görə Tehranda öz mənzilində həbs edilib. B.Şeyxi 55 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz yığıncaqlar təşkil etməkdə günahlandırıb. B.Şeyxi həmçinin 2008-ci il noyabrın 17-də Rey şəhərində Səttarxanı anma mərasimində və 2006-cı ilin mayında “İran” qəzetində azərbaycanlıların hamam böcəyinə bənzədilməsinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar zamanı da həbs edilib.
XS
SM
MD
LG