Cümə günü Almaniya kansleri ilə birlikdə müxbirlər önündə çıxış edən Donald Tramp deyib ki, İran sazişi ləğv olunsa belə, İranın nüvə arsenalı hazırlamasına icazə verilməyəcək.
“Onlar nüvə silahları hazırlamayacaqlar. Buna arxayın ola bilərsiniz,” deyə Tramp bildirib.
2015-ci ildə əldə olunan nüvə razılığı aradan qaldırılmasından sonra İranın nüvə proqramını bərpa etməsi təqdirdə, ABŞ-ın hansı cavab tədbirləri görəcəyinə dair suala Tramp, “mən hərbi gücdən istifadə edib-etməyəcəyim barədə danışmıram,” deyə cavab verib.
Cümə günü görüş keçirəndən sonra Trampla birgə mətbuat konfransında iştirak edən Almaniya kansleri Angela Merkel İran razılığının “mükəmməl”olmadığını deyib və əlavə edib ki, bu razılıq “İranın bütün problemlərini həll etməyəcək.”
O, razılığı İranın pis əməllərini məhdudlaşdırmaq üçün nəzərdə tutulan bir alət kimi təsvir edib və qeyd edib ki, Berlin vətəndaş müharibəsinə qərq olan Suriyada geo-siyasi nüfuzunu artırmağa çalışan İrandan gələn təhlükələrin qarşısının alınmasını “əsas prioritet” hesab edir.
Merkel deyib ki, onların höküməti prezident Tramp İran nüvə razılığı ilə bağlı qərar vermədən öncə Birləşmiş Ştatlar ilə yaxın danışıqları davam etdirəcək.
Tramp administrasiyası hər 90 gündən bir Konqres qarşısında İranın nevə razılığına əməl etdiyini təsdiqləməlidir. Növbəti son möhlət tarixi mayın 12-dədir.
Onlar nüvə silahları hazırlamayacaqlar. Buna arxayın ola bilərsiniz.Donald Tramp
ABŞ prezidenti dəfələrlə razılığa nifrətini dilə gətirib və onu “rüsvayçı,” “axmaq” və “ən pis razılıq” adlandırıb.
Cümə günü Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən sonra ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo müxbirlərə deyib ki, “razılığa əsaslı düzəlişlər edilmədiyi təqdirdə,” ABŞ prezidenti “böyük ehtimalla razılıqda qalmayacaq.”
Tramp cümə Merkeli Ağ Evdə qarşılayarkən yanağından öpüb, daha sonra isə Oval Ofisdə onunla əl sıxışıb. Merkel 13 ay öncə Ağ Evdə ziyarətdə ikən isə Tramp onun əlini sıxmaqdan imtina etmişdi.
Tramp və Merkel NATO-nun mliyyələşdirilməsi ilə tcarət tarifləri kimi başqa mühüm məsələləri də müzakirə etdiklərini bildirib.
“Biz fikir mübadiləsi apardıq. Qərarı isə prezident verəcək,” deyə Merkel Trampın Avropa ixraclarına tətbiq etməyi planlaşdırdığı polad tarifləri ilə bağlı suala cavab olaraq bildirib.
Tramp Avropa İttifaqının Birləşmiş Ştatlarla olan ticarət artığını tarazlaşdırmağın vacibliyini vurğulasa da, Avropa ilə iqtisadi əlaqələri dərinləşdirmək istədiyini də qeyd edib.
Merkel isə ABŞ ilə Avropa İttifaqı arasında azad ticarət razılığına olan marağını vurğulayıb.