Accessibility links

İran və Suriya prezidentləri bir sıra əməkdaşlıq sazişi imzalayıb


İran və Suriya prezidentləri iki müttəfiq dövlət arasında iqtisadi əlaqələri gücləndirmək məqsədi ilə çərşənbə günü neft və digər sektorlar üzrə bir sıra uzunmüddətli əməkdaşlıq sazişləri imzalayıb.

İranın böyük iqtisadi və siyasi nümayəndə heyətinə başçılıq edən İbrahim Rəisi müharibədən əziyyət çəkən ölkəyə iki günlük səfəri zamanı həmkarı Bəşar Əsədlə görüşüb. Bu, İran prezidentinin 2010-cu ildən bəri Dəməşqə ilk səfəri olub.

Tehran 2011-ci ildəki üsyan tam vətəndaş müharibəsinə çevriləndən bəri Əsəd hökumətinin əsas dəstəkçisi olub və münaqişənin onun xeyrinə çevrilməsində mühüm rol oynayıb.

İran Əsədin tərəfində döyüşmək üçün Suriyaya çox sayda hərbi müşavir və Yaxın Şərqdən minlərlə döyüşçü göndərib. Tehran, həmçinin milyardlarla dollar dəyərində yanacaq və kredit göndərərək, Əsədə iqtisadi yardımda əsas rol oynayıb.

Suriya hökumət qüvvələri son illərdə iki əsas müttəfiqinin - Rusiya və İranın köməyi ilə ölkənin böyük hissəsinə nəzarəti bərpa edib.

Bir vaxtlar Əsədin devrilməsinin tərəfdarı olan ərəb hökumətləri indi yavaş-yavaş Dəməşqə yaxınlaşmağa başlayıb və belə görünür İran Suriya prezidentinə onilliklər ərzində verdiyi dəstəyin bəhrəsini sərmayə və iqtisadi imkanlarla geri almağa ümid edir.

Suriya dövlət mediası Rəisi və Əsədin neft, kənd təsərrüfatı, dəmir yolları və azad ticarət zonaları da daxil olmaqla, bir neçə sektorla bağlı razılaşma və anlaşma memorandumları imzaladığını bildirib.

Rəisi, həmçinin şiə islamında müqəddəs yerlər sayılan Seyid Zeynəb və Seyid Rüqəyyə ziyarətgahlarını, eləcə də döyüşlərdə həlak olan suriyalı əsgərlərə həsr olunmuş "Naməlum Əsgər" türbəsini ziyarət etməlidir.

XS
SM
MD
LG