Accessibility links

İran sünnilərinin lideri qadın məhbuslara qarşı cinsi təcavüzlə bağlı xəbərlər aldığını deyib


İranın Evin həbsxanası
İranın Evin həbsxanası

İranın yüksək səviyyəli sünni din xadimi, hökumətin kəskin tənqidçisinin bildirdiyinə görə, o, İran həbsxanalarında qadın məhbuslara qarşı cinsi təcavüzlərlə bağlı xəbərlər alır.

Moləvi Əbdülhamid dekabrın 6-da özünün Twitter hesabında yazıb ki, qadın məhbuslara qarşı təcavüzlər onları alçaltmaq, sıxışdırmaq və onlardan məcburi etiraflar almaq məqsədi ilə edilir.

"Əgər sübut olunarsa, bu cinayətləri yer üzündəki əsl korrupsionerlər törədir" - deyə, Əbdülhəmid əlavə edib və məhkəmə sistemindən bu insanları ciddi şəkildə cəzalandırmasını istəyib.

"Yer üzündə korrupsiya" - Hökuməti devirmək cəhdləri ilə bağlı İranın məhkəmə sistemi tərəfindən tez-tez irəli sürülən ittihamdır.

Moləvi Əbdülhamid şiələrin çoxluq təşkil etdiyi İranda azlıqda olan sünni müsəlman əhalisinin mənəvi lideri kimi qəbul edilir. O, İrandakı əsas sünni seminariyasının direktorudur və İslam Respublikası əleyhinə fikirlərinə görə təzyiqlərə məruz qalıb.

Sünni din xadimi keçən ay "xalqın istəyi əsasında siyasəti dəyişdirmək" üçün beynəlxalq müşahidəçilərin iştirakı ilə dərhal referendum keçirilməsinə çağırıb.
O, ölkədəki etirazlar zamanı törədilən qətllərə görə ali dini rəhbər Ayətulla Əli Xameneyi də daxil olmaqla, yüksək vəzifəli məmurların "məsuliyyət daşıdığını" deyib.

CNN xəbər agentliyi keçən ay ilk dəfə İran həbsxanalarında saxlanılan bəzi məhbusların "cinsi təcavüz və zorlamalarla" bağlı aparılan araşdırmanın nəticəsini dərc edib. Azadlığa buraxılmış bir sıra məhbusların və ya xəstəxana mənbələrinin ifadələrinə istinadən CNN bildirib ki, həbsxanalarda gənc qadınların, yeniyetmə oğlan və qızların təcavüzə məruz qaldığı təsdiqlənib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays hesabata cavab olaraq, İran hökumətinin etirazları yatırmaq üçün cinsi zorakılıqdan istifadə etməsini pisləyib.

XS
SM
MD
LG