Accessibility links

İran rəsmisi etirazçıların ölümündə "xarici agentləri" günahlandırıb


İran rəsmisi ölkədə hökumət əleyhinə geniş vüsət almış nümayişlərdə atışma zamanı iki etirazçının ölümündə “xarici agentləri” günahlandırıb.

“Polis və təhlükəsizlik qüvvələri tərəfindən bir atəş açılmayıb. Biz bu toqquşmada inqilabın düşmənləri olan Təkfiri qruplarının və xarici agentlərin olduğuna dair dəlil tapmışıq”, İran vilayətinin qubernatorunun müavini Həbibullah Xocatehpur bildirib.

Atışma etirazların üçüncü günü ölkənin qərbində yerləşən Darud şəhərində baş verib. Amerikanın Səsinin fars xidmətinin müxbiri ölənlərin ailə üzvləri ilə danışdıqdan sonra onların adlarının Həmzə Ləşni və Hüseyn Reşno olduğu haqda məlumat verib.

Sosial mediada yerləşdirilmiş videoda atışmanın qurbanı olan iki şəxs göstərilib. Onlayn yerləşdirilmiş başqa video görüntülərdə İranın bir neçə şəhərində minlərlə insanın etiraz nümayişlərinə qatıldığı nümayiş etdirilir. İnsanların hökumət binalarına hücum etdiyi və polislə zorakı toqquşmaların baş verdiyi görüntülər yayımlanıb.

Şənbə günü mobil cihazların internetə çıxışının olmadığı haqda məlumatlar verilib. İran mediası bazar günü sosial media şəbəkələrində bəzi fotolar və mesaj applikasiyalarına məhdudiyyətlər qoyulduğu haqda məlumat verib.

İranın daxili işlər naziri bazar günü xəbərdarlıq edib ki, “asayişi və qanun-qaydanı pozanlar öz əməllərinə görə məsuliyyət daşımalı və bunun bədəlini ödəməlidir”. Əbdürrəhman Rəhmani Fəzli dövlət televiziyasında açıqladığı bəyanatında bildirib ki, “qorxu və terrorun qarşısı mütləq alınacaq”.

Bu, İranda 2009-cu ildə prezident seçkisinin ardınca keçirilmiş kütləvi nümayişlərdən bəri ən böyük etiraz aksiyalarıdır. 2009-cu ildə prezident Mahmud Əhmədinejadın yenidən seçilməsinə etirazlar zamanı 72 nəfər həyatını itirmişdi.

İranın müxtəlif şəhərlərində üç gündür davam edən nümayişlərdə yüksək ərzaq qiymətləri və ölkədə işsizliyə etiraz bildirilir.

Son nümayişlər ölkə iqtisadiyyatını canlandırmaq vədləri ilə may ayında yenidən prezident seçilmiş Həsən Ruhaniyə qarşı qəzəbin ifadəsi kimi qiymətləndirilir.

XS
SM
MD
LG