İranın yarı-rəsmi xəbər agentliyi çərşənbə günü təhlükəsizlik mənbəsinə istinadən yekun təhqiqatın nəticələrinə dair məlumatda bildirib ki, may ayında İranın mərhum prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzasına hava şəraiti və təyyarənin daşıdığı yükün ağırlığı səbəb olub.
Dövlət mediasının bildirdiyinə görə, qəzanın təhqiqatı ilə bağlı məlumatların dərcinə cavabdeh olan Silahlı Qüvvələr Baş Qərargahının Rabitə Mərkəzi bu xəbərin "tamamilə yalan" olduğunu deyib.
İran ordusunun may ayında verdiyi ilkin hesabatda deyilib ki, istintaq zamanı müdaxilə və ya hücumla bağlı heç bir dəlil aşkar edilməyib.
"Ayətullah Rəisinin vertolyotunun qəzaya uğraması ilə bağlı istintaq başa çatıb. Baş verənlərin qəza olduğuna tam əminlik var" - deyə, adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbəsi Fars agentliyinə bildirib.
Mənbə əlavə edib ki, qəzanın iki səbəbi müəyyən edilib: Hava şəraitinin uyğun olmaması və helikopterin ağırlığa tab gətirə bilməməsi onun dağa çırpılmasına səbəb olub.
Mənbənin Fars-a verdiyi məlumata görə, istintaq vertolyotun təhlükəsizlik protokollarının imkan verdiyi tutumdan çox, iki nəfəri artıq daşıdığını göstərib.
Ali dini rəhbər Ayətullah Əli Xameneyinin potensial varisi olan Rəisi Azərbaycan sərhədi yaxınlığındakı dağlıq ərazidə baş verən qəzada həlak olub.
Forum