Accessibility links

Etirazlar başlayandan bəri İranda 41 jurnalist həbs edilib


Keçən ay ölkədə əxlaq polisi adlanan qurum tərəfindən həbs edilən qadının nəzarətdə olarkən ölməsi ilə bağlı etirazlar başlayandan bəri İranda 41 jurnalistin həbs edildiyi təsdiqlənib.

Kürd əsilli 22 yaşlı Məhsa Əmini baş örtüyünü düzgün örtmədiyi üçün sentyabr ayında həbs edilib. O, həbsindən üç gün sonra dünyasını dəyişib. Bundan sonra baş verən etirazları İran zorakılıqla yatırır.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) çərşənbə günü 41 jurnalistin saxlanıldığını sənədləşdirib. Daha sonra bir neçə nəfər zaminə buraxılıb. Onların əksəriyyəti etiraz aksiyalarında iştirak etməkdə və işıqlandırmaqda ittiham olunub.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və jurnalist hüquqlarını müdafiə edən digər təşkilatlar Tehranın Evin həbsxanasında saxlanılan jurnalistlər də daxil olmaqla, dəmir barmaqlıqlar arxasında olanların taleyindən narahatdır.

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) məlumatına görə, şənbə günü həbsxanada baş verən yanğından sonra Evində saxlanıldığı güman edilən dörd jurnalistdən hələ də xəbər yoxdur.

IFJ həbsxanada etirazlarla əlaqədar həbs edilənlərlə yanaşı azı 10 jurnalistin də şəxsiyyətinin müəyyən edildiyini bildirib. Onlardan altısı ailələri ilə əlaqə saxlayaraq, təhlükəsiz olduqlarını bildirib. Lakin bazar ertəsinə olan məlumata görə, dörd nəfərin ailəsi yanğından sonra onlardan heç bir xəbər almayıb.

"Biz Evindəki həmkarlarımızın taleyindən çox narahatıq və İran hakimiyyətinə xatırladırıq ki, onlar həbsxanadakı jurnalistlərin həyatına görə məsuliyyət daşıyır" IFJ-in Baş katibi Entoni Bellanjer açıqlamasında bildirib.

Bellanjer İranı "Evin və digər həbsxanalarında öz işini yerinə yetirdiklərinə görə ədalətsiz olaraq saxlanılan bütün jurnalistləri azad etməyə" çağırıb.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumatların əsasən İrandan kənarda fəaliyyət göstərən xəbər agentliklərindən gəldiyini bildirib. RSF-nin araşdırmasına görə, İranda bir neçə müstəqil jurnalistə qarşı" əsassız həbslər və çox ağır cəzalar" tətbiq edilib.

RSF-nin Mətbuat Azadlığı İndeksinə görə, İran hazırda yaxşı media mühitinə malik olan 180 ölkə arasında 178-ci yerdədir.

Beynəlxalq insan haqlar cəmiyyəti BMT İnsan Haqları Şurasını İrana qarşı təcili tədbirlər görməyə çağırıb.

XS
SM
MD
LG