Accessibility links

İranda etirazlar alovlanır, azı 41 nəfər ölüb


İran rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, bu ayın əvvəlində Tehranın Əxlaq Polisi tərəfindən nəzarətə alındıqdan sonra həyatını itirən Məhsa Əmininin ölümünə etiraz etmək üçün ardıcıl olaraq, onuncu gecədir davam edən etirazlar zamanı 1200-dən çox insan həbs edilib.

İranlı qadınlara həmrəylik nümayiş etdirən digər etiraz aksiyaları Afina, Berlin, Brüssel, İstanbul, Madrid, Nyu York və Paris də daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib.

Nümayişlər ilk dəfə sentyabrın 17-də, bir gün əvvəl polisin İslam Respublikasının qadınların geyiminə ciddi qadağalarını tətbiq etdiyi zaman saxlandıqdan sonra ölən 22 yaşlı kürd qadın Əmininin dəfn mərasimində başlayıb. O, sentyabrın 13-də İranın sərt hicab qaydalarını pozmaqda ittiham olunaraq həbs edilib.

Əmininin ailəsi iddia edir ki, o, həbs olunduqdan sonra polis mikroavtobusunda başından bir neçə zərbə alıb. Polis iddiaları rədd edib və Əmininin infarkt keçirdiyi üçün xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyini deyib.

İranın dövlət televiziyası etirazlar zamanı 41 nəfərin öldüyünü bildirib.

France-Presse (AFP) xəbər agentliyinin məlumatına görə, bazar günü axşam saatlarında mərkəzi ofisi Osloda yerləşən İran İnsan Haqları (IHR) təşkilatı nümayişçilərin bazar günü gecə Tehran küçələrində "diktatora ölüm" şüarları səsləndirdikləri görüntüləri yayıb.

France-Press xəbər verib ki, İran İnsan Haqları İranın interneti kəsməsi səbəbindən ölüm və etirazlar barədə məlumatların yoxlanmasını çətinləşdirdiyini bildirib.

Şahidlərin France-Press-ə verdiyi məlumata görə, etirazlar bir neçə yerdə davam edib. Video görüntülərdə digər yerlərlə yanaşı, Təbriz və Şirazda qadınların hicablarını çıxardığı və etirazçıların hakimiyyət əleyhinə şüarlar bağırdığı nümayişlər əks olunub.

France-Press-in İran İnsan Haqları təşkilatına istinadən bazar günü bildirdiyinə görə, İranın müəllimlər həmkarlar ittifaqları iğtişaşlar başlayandan bəri etirazlara dəstək olmağa, ilk dəfə müəllim və tələbələri bazar ertəsi və çərşənbə günü dərsləri boykot etməyə çağırıb.

AFP bazar günü İranın bir sıra şəhərlərində hökumətyönlü mitinqlər keçirildiyini xəbər verib. Əsas tədbir Tehranın mərkəzindəki Engelab (İnqilab) meydanında keçirilib və burada nümayişçilər məcburi hicab qanunlarına dəstək verib.

Yarı rəsmi Fars xəbər agentliyi bazar günü bildirib ki, İran İnqilab Keşikçiləri Korpusunun könüllü qüvvələri olan "Bəsic" hərəkatının üzvü şənbə günü axşam saatlarında Tehranda nümayişçilər tərəfindən öldürülüb.

İRNA dövlət xəbər agentliyinin bildirdiyinə görə, cümə axşamı küçə qarşıdurmalarından sonra "Bəsic"in komada olan başqa bir üzvü bazar günü Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərində dünyasını dəyişib.

Yunan polisi bazar günü İranın Afinadakı səfirliyinə molotof kokteyli atıldığını bildirib.

France-Press xəbər verir ki, bir gün əvvəl təxminən 200 nəfər Afina şəhərinin mərkəzindəki Sintaqma meydanına toplaşaraq, İranın etirazları zorakılıqla yatırmasını pisləyib.

Bazar günü Londonda İran səfirliyi qarşısında zorakı küçə nümayişləri keçirilib.

AFP müxbirləri və şahidlərin dediyinə görə, Paris polisi yüzlərlə insanın Tehran səfirliyinə yürüş etməsinin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib və iğtişaşlara qarşı mübarizə taktikası tətbiq edib.

4000-ə yaxın etirazçı ikinci gündür ki, Parisdə Əmininin ölümünə etiraz etmək üçün toplaşıb.

XS
SM
MD
LG