İranın yeni prezidenti Məsud Pezeşkian vəzifəyə gəldikdən sonra ilk xarici səfərinə çərşənbə günü İraqa getməklə başlayıb. Onun səfərinin məqsədi onsuz da münasibətləri yaxşı olan bu ölkə ilə əlaqələri daha da möhkəmlətməkdir.
Pezeşkian İranın beynəlxalq təcridini yüngülləşdirməyə və ABŞ-ın rəhbərlik etdiyi sanksiyaların onun iqtisadiyyatına təsirini yumşaltmağa çalışacağına və qonşu ölkələrlə münasibətləri prioritet hesab edəcəyinə söz verib.
Onun səfəri çərşənbə axşamı Qərb güclərinin Rusiyanı Ukraynaya qarşı istifadə etmək üçün yaxınmənzilli raketlərlə təchiz etdiyinə görə, İrana yeni sanksiyalar elan etməsindən sonraya təsadüf edib.
Bu səfər həmçinin Qəzza zolağındakı müharibənin Yaxın Şərqdə gərginliyə səbəb olduğu, regionda İranın dəstəklədiyi silahlı qrupların münaqişəyə cəlb olunduğu və Bağdadın Vaşinqtonla əlaqələrinin gərginləşdiyi vaxt baş verir.
İraq təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı gecə Bağdad beynəlxalq hava limanındakı ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının bazasında partlayış səsi eşidilib.
İraqda İranın dəstəklədiyi "Kətaib Hizbullah"-ın (Hizbullah Briqadaları) sözçüsü çərşənbə axşamı gecə hücumun məqsədinin "İran prezidentinin Bağdada səfərinə əngəl olmaq" olduğunu bildirib.
Şiələrin çoxluq təşkil etdiyi İran və İraq arasında əlaqələr 2003-cü ildə ABŞ-ın İraq diktatoru Səddam Hüseynin sünni rejimini devrməsindən daha da möhkəmlənib.
Pezeşkian əlaqələrin məhkəmləndirilməsini birbaşa sanksiyaların təzyiqi ilə əlaqələndirib.
O, keçən ay "Qonşu ölkələrlə münasibətlər sanksiyaların əhəmiyyətli dərəcədə təzyiqini neytrallaşdıra bilər" deyib.
İran əsasən də düşməni ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın 2018-ci ildə İslam Respublikası ilə böyük dövlətlər arasında imzalanmış mühüm nüvə sazişindən birtərəfli qaydada imtina etməsindən sonra, illərdir Qərbin sanksiyalarından əziyyət çəkir.
İyulun sonunda prezidentliyə başlayan Pezeşkian strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə 2015-ci il müqaviləsi üzrə danışıqlar aparan yüksək səviyyəli diplomat Məhəmməd Cavad Zərifi təyin edib.
Forum