Accessibility links

İran prezidenti etirazçılara qarşı sərt tədbirlər görməyə çağırır


Tehran.
Tehran.

İranın Prezidenti İbrahim Rəisi israr edir ki, hökumət ölkə boyu gənc kürd qadın Məhsa Əminin rejimin əxlaq polisinin əlində ölməsi səbəbilə keçirilən genişmiqyaslı etirazlara sərt cavab verməlidir. Nümayişlər ölkənin azı 133 şəhərinə yayılıb.

Sosial mediada yayılan videolarda etirazçıların cümə günü Məşhəd şəhərində İranın ali lideri Ayətullah Xameneinin heykəlini yandırdıqları göstərilir. Onlar həmçinin Xamenei və hökumət əleyhinə şüarlar səsləndirirlər. Digər videolarda müxtəlif şəhərlər, o cümlədən paytaxt Tehranda etirazçıların Xameninin şəklini yandırdıqları əks olunub.

İran mətbuatının bildirdiyinə görə, bir neçə gün öncə Nyu Yorkda BMT-yə səfərdən dönən Rəisi etirzalar zamanı ölən rejim tərəfdarının ailəsinə deyib ki, “hökumət etirazlara qətiyyətli reaksiya verməlidir.”

Hazırkı vilayətlərin qaynar nöqtəsi olan Gilan vilayətinin polis idarəsinin rəisi general Əzizullah Maleki hökumət mediasına bildirib ki, onun vilayətində təhlükəsizlik qüvvələri “çökmək ərəfəsindədir.” Gilanda etirazlarda iştirak edən 700-dən çox insanın saxlandığı deyilir.

Ölkənin şimalında kürdlərin çoxluq təşkil etdiyi Əznavə şəhərində çox sayda etirazçının təhlükəsizlik qüvvələrini sıxışdırması nəticəsində etirazçıların şəhərin böyük bir hissəsində nəzarəti ələ keçirdikləri bildirilir.

Sosial mediada yayılan videoda həmçinin paytaxt Tehranın Səttar Xan rayonunda etirazçılarla hökumət tərəfdarı könüllü Bəsic yarı-hərbi qrupu və təhlükəsizlik qüvvələri arasında zorakı toqquşmların olduğu göstərilib.

İran üzrə analitik Əli Nurizadə Amerikanın Səsinə bildirib ki, “qadınlar ərləri, oğulları və qardaşlarına qoşularaq, küçələrdə etiraz edilər.” Bundan əlavə “rejimin ötən il və 2018-ci ildə tələbə etirazçılara qarşı zorakı təqiblərinə baxmayaraq bu etirazlara da çox sayda tələbə qoşulub.”

Nurizadə deyib ki, 2009, 2018 və ötən ilki etirazlardan fərqli olaraq bu dəfə etirazçıların ali ruhani Əli Xamenei və onun rejiminin devrilməsindən başqa “heç bir tələbləri yoxdur.”

“Bu dəfə heç kəs iqtisadi vəziyyətlə bağlı heç nə demir. Bizim tək bir şüarımız yoxdur. Onlar Xameneiyə ölüm və rejim devrilməlidir deyirlər. Onlar Xameneinin oğluna “sən öləcəksən, amma rəhbərlikdə olmayacaqsan” deyirlər. ”

Nurizadə bildirib ki, o, son zamanlar ali ruhani Xameneinin səhhətinin pis olduğuna dair xəbərlərin “insanların qəzəbini artırmış ola bilcəyindən” şübhələnir, çünki onlar Xameneinin oğlu Möctəbanın onu əvəzləməsini istəmirlər.

Hökumət əleyhinə media ötən həftə Məhsa Əminin ölümü xüsusilə də ölkənin kürdlərin çoxluq təşkil etdiyi bölgələtinə etirazlara səbəb olandan bəri yüzlərlə insanın saxlandığını iddia edir. Etirazlar zamanı onlarla nümayişçinin həyatını itirdiyi bildirilir.

İranlı jurnalist Aida Qacar şənbə günü Twitterdə insanların Tehranın məşhur Evin həbsxanasının önündə toplaşaraq ailə üzvlərinin orada olub-olmadıqlarını müəyyəne etməyə çalışdıqlarını göstərən video paylaşıb.

XS
SM
MD
LG