Accessibility links

İranın təhlükəsizlik qüvvələri bir sıra şəhərlərdəki universitetlərə yerləşdirilib


Şahidlərin dediyinə görə, çərşənbə günü İranın təhlükəsizlik qüvvələri bir sıra şəhərlərdəki universitetlərə yerləşdirilib və 22 yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarətində ölməsinə görə alovlanan və iki həftədən çoxdur davam edən etirazları yatırmaq üçün səyləri gücləndirib.

Əmininin ölümündən qaynaqlanan ümummilli iğtişaşlar və etirazçıların 1979-cu ildə qurulan İslam Respublikasının süqutunu tələb etməsi İranın ruhani liderləri üçün ən böyük problemə çevrilib.

Şahidlərin dediyinə görə, polis paytaxt Tehran, Urmiyə, Təbriz və Rəşt şəhərlərində, əsasən də son günlər etirazların mərkəzi olan universitetlərin ətrafına toplanıb.

Tehranda bir tələbə "Tehran Universitetinin ətrafında çox sayda təhlükəsizlik qüvvəsi var. Mən hətta kampusdan çıxmağa belə qorxuram. Çoxlu polis maşını tələbələri həbs etmək üçün küçədə gözləyir" deyib.

Hüquq müdafiəçiləri İran İnqilab Keşikçiləri Korpusuna bağlı könüllülərdən ibarət "Bəsic" də daxil olmaqla, təhlükəsizlik qüvvələrinin basqıları zamanı minlərlə insanın həbs edildiyini və yüzlərlə insanın yaralandığını bildirib. İnsan haqları qrupları ölənlərin sayının 150-dən çox olduğunu deyib.

İran rəsmiləri ABŞ da daxil olmaqla, xarici düşmənləri İranda sabitliyi pozmaqda ittiham edərək, təhlükəsizlik qüvvələri arasında çoxsaylı ölümlər barədə məlumat verib.

Çərşənbə günü sosial şəbəkələrdə paylaşılan videolarda Tehranda orta məktəbli qızların hicablarını çıxararaq "(ali dini lider Ayətulla Əli) Xameneyiyə ölüm" şüarları səsləndirib.

Çərşənbə axşamı Şirazdakı bir məktəbdə lentə alındığı deyilən görüntülərdə 50-yə yaxın qız şagird çıxış etməyə dəvət olunmuş "Bəsic" üzvünə "Bəsic rədd ol" və "Xameneyiyə ölüm" şüarları səsləndirib.

XS
SM
MD
LG