Accessibility links

İrandan Azərbaycana ərzaq məhsullarının gətirilməsinə icazə verilməyəcək


İrandan Azərbaycana ərzaq məhsullarının gətirilməsinə Astara gömrüyündə icazə verilməyəcəyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna İrandan qayıdan Azərbaycan vətəndaşları məlumat veriblər. Həmin şəxslərin sözlərinə görə, belə bir xəbərdarlıq fevralın 23-dən etibarən edilib.

Onların dediyinə görə, bu, İranda koronavirusdan ölüm hallarının baş verməsi ilə izah edilir.

Amma bu deyilənləri, hələlik, Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Hazırda sərhədyanı ərazilərdə fəaliyyət göstərən ticarət obyektlərində bahalaşma da müşahidə olunur. Bir neçə gün bundan əvvəl 4 manat 50 qəpiyə satılan konfet indi 5 manata təkliffedilir. Bananın və digər məhsulların qiymətlərində də bahalaşma olduğu bildirilir. Üstəlik, qeyd edilir ki, İranda yerli valyutanın ucuzlaşması davam edir.

Sahibkarların dediyinə görə, anbarlarda aylarla yığılib qalan ərzaq məhsullarını Azərbaycanın başqa bölgələrindən gələn alıcılar alıb aparırlar.

Bununla belə sərhəddə qaydaların sərtləşdirilməsindən razılıq edənlər də var. Onlar koronavirus təhlükəsinin Azərbaycana da keçəcəyindən narahatdırlar. Hətta bəziləri hesab edir ki, İranla sərhəd müvvəqqəti baglanmalıdır.

Hələ bir neçə gün öncə İrandan gələn Azərbaycan vətəndaşları bildirmişdilər ki, koronavirusa görə,sərhəddə nəzarət gücləndirilib.

Fevralın 21-də isə Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən bildirmişdilər ki, keçid məntəqələrində koronavirusla bağlı bütün tədbirlər görülüb:

"Koronavirusla bağlı bütün tədbirlər görülüb. Hətta maskalar da verilib. İnsanlar ciddi şəkildə yoxlanılırlar."

XS
SM
MD
LG