Accessibility links

İranda Washington Post-un müxbiri məhkəmə qarşısına çıxarılıb


ABŞ İrandan Washington Post-un casusluq ittihamı ilə məhkəmə qarşısına çıxarılan müxbiri Ceyson Rezaian haqda daha ətraflı məlumat verməsini tələb edir.

Dövlət Departamenti bildirib ki, Rezaianın ailəsi məhkəmə prosesində şəffalıq olmamasından narahatdır. Onun qardaşı Əli Ceysonla həbsindən sonra çox az təmasda olduqlarını deyib.

Amerikanın Səsinə müsahibə verən Əli bildirib ki, qardaşının vəkilinə məhkəmədə iştirak etməyə icazə verilsə də, anası və gəlinləri zala buraxılmayıb.

‘’Onlar Ceysonu görməyə ümid edirdilər. Lakin görə bilmədilər. 5-6 saat gözləsələr də,” – deyə Rezaian bildirib.

Qəzetin iyun ayında həbs edilən Tehran şöbəsinin müdiri Rezaian ikili vətəndaşlığa malikdir. Lakin İran xarici vətəndaşlığı qəbul etmir.

Rezaian onunla birlikdə nəzarət altına alınan həyat yoldaşı və daha bir şəxslə məhkəmə qarşısına çıxarılıb.

İranın Mehr xəbər agentliyinin bildirdiyinə görə, Rezaian casusluqdan başqa vətən əleyhinə təbliğat və düşmən qüvvələrlə iş birliyində ittiham edilir.

Jurnalist məhkəmədə ittihamları rədd edərək, bir müxbir kimi qanuni fəaliyyət göstərdiyini bildirib.

Məhkəmədə Rezaianın ABŞ prezidenti Barak Obamaya ikinci dəfə prezident seçilməzdən öncə yazdığı məktubu oxunub. Məktubda jurnalist iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını təklif edib.

Onlar nəyi gizlətməyə çalışır?

​İran hökuməti məhkəmənin ədalətli keçiriləcəyi vədinə əməl etmir. Bunu Jurnalistlərin Müdafiəsi Komitəsindən Ceyson Stern deyir.

“Onlar mətbuatın məhkəməni işıqlandırmasına imkan vermir. Müstəqil müşahidəçilər məhkəməyə buraxılmır. Onlar nəyi gizlətməyə çalışır?”

Stern deyir ki, 2009-cu ildən bəri İran çoxsaylı jurnalistin həbsi baxımından 10 ölkə arasında yer alır. İranda hazırda 30-a yaxın jurnalist həbsdədir.

ABŞ Dövlət Departamenti məhkəmənin açıq keçirilməsinə çağıraraq, onun həbsinin yanlışlıq olduğunu bildirir.

Məhkəmənin növbəti iclasının nə zamana təyin edildiyi məlum deyil. Rezaianın ailəsi məhkəmənin 3 günə yaxın davam edəcəyini düşündüyünü deyir.

XS
SM
MD
LG