Accessibility links

Ayətulla Əli Xamneyinin bacısı qızı Fəridə Muradxani həbs edilib


Farideh Moradkhani
Farideh Moradkhani

İranın ali ruhani lideri Ayətulla Əli Xamneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani beynəlxalq ictimaiyyəti Məhsa Əmininin ölümü ilə başlayan etirazların zorakılıqla yatırılmasına görə Tehranla bütün əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib. Bu barədə CNN, Reuters və İranın HRANA xəbər agentliyi məlumat yayıb.

Fəridənin qardaşı Mahmud Muradxani Tvitter hesabında yazıb ki, Fəridə çərşənbə günü, noyabrın 23-də məhkəmənin qərarı ilə prokurorluğa çağrılarkən həbs edilib.

Qardaşının yayımladığı video-müraciətində Fəridə Muradxani beynəlxalq ictimaiyyəti ölkəni bürüyən etirazlar fonunda İran rejimi ilə əlaqələri kəsməyə və "Tehranla hər hansı razılaşmanı dayandırmağa" çağırıb.

"Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, uşaqları öldürən bu rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipə sadiq deyil və hakimiyyəti əlində saxlamaq iüçün gücdən başqa heç bir qaydaya əməl etmir" - deyə, videoda Fəridə Məradxani bildirib.

O, iranlıların İran hakimiyyətini dəstəkləyənlərlə müharibə şəraitində olduğunu bildirib və demokratik ölkələri öz nümayəndələrini İrandan geri çağırmağa və İran nümayəndələrini öz ölkələrindən qovmağa çağırıb.

Fəridə və Mahmud Muradxanilərin mərhum ataları din xadimi və tanınmış müxalifət üzvü olub. O, İranın ali dini lideri Bədri Hüseyni Xameneyinin bacısı ilə evli idi.

Ölkədə etirazlar sentyabrın ortalarında Məhsa Əmininin ölümündən sonra başlayıb. Rəsmilərin dediyinə görə o, baş örtüyünü düzgün örtmədiyinə görə aparıldığı polis bölməsində insult keçirib. Xəstəxanaya aparılan zaman o, komaya düşüb və sonra dünyasını dəyişib.

HRANA agentliyinin məlumatına görə, İranda iki aydan çox davam edən etiraz aksiyaları zamanı 60 təhlükəsizlik işçisi, 63 azyaşlı uşaq olmaqla, 450 nümayişçi öldürülüb, 18 173 nəfər həbs edilib.

Birləşmiş Millətlər Təşkilatının uşaq agentliyi UNICEF bəyanatında "İranda ictimai iğtişaşlar zamanı 50-dən çox uşağın həyatına son qoyan və daha çox insanın yaralanmasına səbəb olan zorakılıq və qəddarlığı" pisləyib.

Agentlik "bəzi məktəblərdə aparılan reydlərin və axtarışların davam etməsindən dərin narahatlıq keçirdiyini" bildirib və "məktəblər uşaqlar üçün həmişə təhlükəsiz yer olmalıdır" deyib.

Nobel Sülh Mükafatına layıq görülmüş təşkilat olan UNICEF İranı kimliyindən və harada olmasından asılı olmayaraq bütün uşaqların dinc toplaşmaq hüquqlarına əsas təminat kimi hörmət etməyə çağırıb. "Uşaqlar və yeniyetmələr hər cür zərərdən qorunmalıdır. Onlar təkcə həyatlarını və azadlıqlarını deyil, həm də psixi və fiziki sağlamlıqlarını riskə atır" bəyanatda deyilib.

XS
SM
MD
LG