İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi deyib ki, İsraillə danışığa getmək “bağışlanılmaz səhv” olar. Bundan bir neçə gün öncə Səudiyyə Ərəbistanının vəliəhdi ilk dəfə olaraq israillilərin öz torpaqlarında dinc şəraitdə yaşamaq haqları olduğunu dilə gətirib.
Aprelin 4-də Xameneyinin vebsaytında yerləşdirilmiş bəyanatda şahzadə Məhəmməd Bin Salmanın açıqlamasına toxunulmur. Ancaq o, açıq şəkildə deyir ki, Tehran İsraillə Səudiyyə arasında son yaxınlaşmaya qarşıdır.
“DİNİ BORC”
Səudiyyə taxt-tacının vəliəhdi “The Atlantic” dərgisinə müsahibə verib. Bundan başqa o, bu yaxınlarda iki ölkə arasında hava xətti açıb və İsrail bunu tarixi hadisə kimi alqışlayıb.
Aldadan, yalançı və zalım İsrail rejimiylə danışıqlara doğru irəliləmək böyük, bağışlanmaz bir səhvdir, Fələstin xalqının qələbəsini geri atacaq”, Xameneyi deyib.
İran liderinin fikrincə, Fələstinin müqavimət hərəkatını dəstəkləmək bütün müsəlmanların “dini borcudur”. O, İranın Fələstin islamçı Həmas qrupuna dəstəyini davam etdirəcəyini dilə gətirib.
Səudiyyə Ərəbistanı İsraili rəsmən tanımır. Ər-Riyad dəfələrlə bildirib ki, İsraillə münasibətlərin normallaşması İsrailin 1967-ci il Yaxın Şərq müharibəsi zamanı tutduğu ərəb torpaqlarından çıxmasından asılıdır. Fələstin həmin torpaqları gələcək dövlətlərinin tərkib hissəsi kimi görür.
Ancaq ötən noyabrda İsrail hökumətinin üzvü Səudiyyə Ərəbistanı ilə gizli kontaktları olduğunu açıqlayıb. Ər-Riyadla gizli sövdələşmələrlə bağlı uzun müddət şayiələr dolaşsa da, bu, rəsmən təkzib olunurdu.
Təhlilçilərin fikrincə, vaxtilə düşmən olan bu iki ölkənin münasibətlərinin yaxşılaşmasının bir səbəbi onların İranı vahid təhdid kimi görməsidir.
HƏMAS LİDERİNİN MƏKTUBUNA CAVAB
Xameneyi isə bəyanatını Həmas lideri İsmayıl Haniyədən aldığı məktuba cavab olaraq səsləndirib. Məktubda o, regiondakı ərəb hökumətlərinin Birləşmiş Ştatlara dəstəyini tənqid edirdi.
İsraili məhv etməklə hədələyən Həmas Qəzzanın sahil zolağına nəzarət edir. Bu həftə burada İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 17 fələstinli öldürülüb.
Xameneyi bəyanatında müsəlman ölkələrini İsrailin məhvindən ötrü Həmasın ətrafında birləşməyə çağırıb.
Aprelin 4-də İsrailin baş naziri Benjamin Netanyahu İran prezidenti Həsən Ruhaninin bəyanatını pisləyib. Ruhani Birləşmiş Ştatlarla İsrailin Suriyada “terrorçular”ı dəstəklədiyini demişdi.
İran, Suriya və Rusiya Suriyadakı vətəndaş müharibəsində opponentləri “terrorçular” adlandırır. Ruhani sözügedən açıqlamanı aprelin 4-də Ankarada verib.