Accessibility links

İran Instagram və Telegram saytlarına çıxışı bloklayıb


İran foto-şəkillərin paylaşıldığı Instagram və mesajların bölüşüldüyü Telegram kimi populyar applikasiyalara çıxışı bloklayıb. Bu haqda İran mediası bazar günü məlumat verib.

Dövlət televiziyasının verdiyi məlumata görə, rəsmilər ölkədə üçüncü gündür etiraz nümayişlərinin getdiyi vaxt “sülhün təmin edilməsi” məqsədilə “müvəqqəti olaraq” hər iki applikasiyanı bloklayıb. Nümayişçilərin çoxu bu applikasiyalardan etiraz aksiyaları zamanı fotolar və videoların paylaşılması üçün istifadə edib.

Telegram-ın icraçı direktoru Twitter sosial media şəbəkəsində bildirib ki, sayt şirkət hökumətin onun bağlanması haqda müraciətini rədd etdikdən sonra bloklanıb.

“İran rəsmiləri bizim saytın bağlanması haqda müraciəti açıq şəkildə rədd etdiyimizdən sonra iranlıların çoxu üçün Telegram-a çıxışı bloklayıb”, Pavel Durov bildirib.

İSNA və digər media vasitələrinin verdiyi məlumata görə, İran hökuməti Telegram-ı etirazlar zamanı zorakılığın qızışdırılmasında istifadə edilməkdə ittiham etdikdən sonra ona çıxışı bloklayıb. İranın rabitə naziri Məhəmməd Cavad Azəri Cahromi Telegram-ı “əks-inqilabi” olmaqda ittiham edib və kanaldan “Molotov kokteylinin hazırlanması, silahlı üsyan və sosial iğtişaşlara təşviq etməkdə” istifadə edildiyini bildirib.

İranın bir sıra şəhərlərində üçüncü gündür davam edən etiraz nümayişləri zamanı iki nəfərin öldüyü, onlarla insanın həbs edildiyi bildirilir.

XS
SM
MD
LG