İran parlamentinin bir üzvü azı 15 şəhərdə məktəbli qızların xəstələnməsi və son aylarda çoxunun xəstəxanaya yerləşdirilməsinə dair xəbərləri etiraf edib.
Əbdüləli Rəhimi Mozafəri bu açıqlamanı fevralın 28-də İran parlamentinin iclasında bildirib və spikerdən məsələ ilə bağlı təhqiqat aparılmasına göstəriş verməsini istəyib.
Son hadisələrlə bağlı iki iranlı jurnalist fevralın 28-də sosial şəbəkələrdə məlumat yayıb. Onlar Tehranda və paytaxtın şərqində yerləşən Pərdisdə bir neçə məktəbli qızın naməlum səbəbdən xəstələndiyini bildirib.
İlk hadisənin noyabr ayında Qum şəhərində baş verdiyi ehtimal edilir. 18 məktəbli qızın ürəkbulanma, baş ağrısı, öskürək, nəfəs darlığı, ürək döyüntüsü, əllərində və ya ayaqlarında uyuşma və ağrı kimi simptomlardan şikayətlənərək, xəstəxanaya aparıldığı bildirilib.
Bir çox iranlı rəsmiləri xəstəliyin səbəbinin tapılmamaqda və yeni halların qarşısını almaq üçün kifayət qədər iş görməməkdə ittiham edib. Bəzi qəzəbli valideynlər övladlarını məktəbə göndərməkdən imtina edib.
Digərləri isə hadisələrin arxasında qorxu yaratmaq və qızların məktəbə getməsinə mane olmaq məqsədi ilə dini ekstremistlərin dayandığını guman edir.
Bu həftənin əvvəlində İranın sünni müsəlmanlarının ruhani lideri sayılan Moləvi Əbdülhəmid deyib ki, məktəbli qızlar hökumətə qarşı son etirazlar zamanı gənc qadlnların oynadığı rola görə "intiqam almaq" üçün zəhərlənir.
Keçən həftə Tehranda qadınlar üçün Əl-Zəhra dövlət universitetinin İslamşünaslıq üzrə tədqiqatçısı Nafiseh Moradi verdiyi şərhdə xəstəlikdən oğlanlar deyil, əsasən qızların təsirlənməsinin şübhəli olduğunu bildirib. Onun "Qum News"dakı məqaləsi sonradan saytdan silinib.
Paytaxt Tehrandan təxminən 137 km cənubda yerləşən Qum şəhərindən bir müəllim AzadlıqRadiosunun Fərda bölməsinə bildirib ki, dərslərə 250 şagirddən yalnız 50-si gəlib.
İran 1979-cu ildən bəri İslam Respublikası qarşısında ən ciddi sınaqlardan biri ilə üzləşib. Hökumət əleyhinə etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əminin qadınlar üçün tətbiq edilən hicab "qaydalarını" pozduğuna görə əxlaq polisi tərəfindən saxlanmasının ardınca ölməsindən sonra başlayıb.