Accessibility links

İran generalının anım mərasimində partlayışlar nəticəsində azı 103 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir


İran dövlət mediası 2020-ci ilin yanvarında ABŞ qüvvələrinin Bağdad yaxınlığında həyata keçirdiyi hava zərbəsi nəticəsində öldürülən İranın elit Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin ölümünün dördüncü ildönümü münasibətilə keçirilən anım mərasimləri zamanı törədilən iki partlayışda azı 103 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirir.

İranın məhkəmə sisteminə yaxın olan Mizan xəbər agentliyi yanvarın 3-də bildirib ki, partlayışlar Kerman şəhərində Süleymaninin məzarı yaxınlığında baş verib.

İran fövqəladə xidmətlərinin sözçüsü Babək Yektaparast daha öncə bildirmişdi ki, partlayışlar nəticəsində 73 nəfər ölüb, 170 nəfər yaralanıb. Daha sonra dövlət mediası bu ölüm rəqəminin 100-dən çox olduğunu bildirdi.

Fars xəbər agentliyi əvvəlcə gedən Kirman Şəhidləri Gülzarına yollarından birində "dəhşətli partlayış" səsinin eşidildiyini, Mehr xəbər agentliyi isə "ikinci partlayışın" da eşidildiyini bildirib.

İran İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyinin hadisə yerində olan jurnalistlərinin verdiyi məlumata görə, "Kirman Şəhidləri Gülzarının girişində iki bomba bağlaması olub ki, bunu edənlər və ya icraçılar bombaları uzaqdan idarəetmə üsulu ilə partladıb".

Ərazidən çəkilən videoda partlayışların təxminən 15 dəqiqə aralıqla baş verdiyi əks olunub.

Tasnim xəbər agentliyi ilk partlayışın Süleymaninin ziyarətgahından 700 metr aralıda baş verdiyini bildirib. Əlavə edilib ki, ikinci partlayış ziyarətgahdan 1 kilometr aralıda, ziyarətçilərin yolundan və yoxlama qapılarından kənarda olub.

Yerli rəsmilərdən biri Yaxın Şərqdə İsraillə İranın dəstəklədiyi HƏMAS arasında davam edən müharibəyə görə gərginliyin artdığı bir vaxtda baş verən partlayışları “terrorçu” hücum adlandırıb, lakin bu iddianı təsdiq edəcək heç bir sübut təqdim etməyib. HƏMAS ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınır.

Süleymaninin ölümünün anım mərasimləri əvvəllər də böyük izdiham toplayıb. 2020-ci ildə onun dəfn mərasimi zamanı izdiham nəticəsində azı 56 nəfər həlak oldu, 200-dən çox insan yaralandı.

Forum

XS
SM
MD
LG