Accessibility links

İnsan haqları qrupu: İranda bir gündə azı 29 məhkum edam edilib


İnsan haqları qrupu çərşənbə günü İranda 2022-ci il etirazları ilə əlaqədar bir nəfəri edam etdiyinə görə beynəlxalq qınaqla üzləşdikdən bir gün sonra 26-sı bir həbsxanada qrup şəklində olmaqla, bir gündə azı 29 məhkumun asıldığını bildirib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının bildirdiyinə görə, 26 nəfər Tehran yaxınlığındakı Kərəcin Gizelhesar həbsxanasında, 3 nəfər isə Kərəc şəhər həbsxanasında edam edilib.

Edam edilənlər arasında 2 Əfqanıstan vətəndaşının da olduğu və onların narkotik maddə və zorlama ittihamları ilə məhkum edildikləri bildirilib.

Digər hüquq qrupları, o cümlədən ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) və İranda İnsan Haqları Mərkəzi (CHRI) də Kərəcdə azı 20 nəfərin edam edildiyini təsdiqləyib.

İnsan haqları qrupları dəfələrlə Çindən sonra İranı 2022-ci il etirazlarından bəri cəmiyyətdə qorxu yaratmaq məqsədi ilə bütün ittihamlar üzrə ölüm hökmündən istifadə etməkdə günahlandırıb.

"Beynəlxalq ictimaiyyətin dərhal reaksiyası olmasa, yüzlərlə insan yaxın aylarda İslam Respublikasının ölüm maşınının qurbanına çevrilə bilər" - deyə, İran İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam bildirib.

İran İnsan Haqları Qrupu bu miqyasda qrup şəklinə edamın son illərdə İranda görünməmiş olduğunu, sonuncu dəfə bunun 2009-cu ildə baş verdiyini vurğulayıb.

İnsan haqları qrupları həmçinin İranın 2022-ci il etirazlarında İnqilab Keşikçiləri üzvünü öldürməkdə təqsirli bilinən bir nəfərin edamını pisləyib. Fəallar onun etirafının işgəncə ilə alındığını bildirib.

Otuz yaşlarında olan Qulamrza Rəsayi 2022-ci ilin sentyabrında Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayan və aylarla davam edən etirazlarla əlaqədar İran tərəfindən edam edilən 10-cu insan idi.

İran ədliyyəsinin Mizan Online saytı xəbər verir ki, Rəsayi qvardiya polkovnikini öldürməkdə təqsirli bilindikdən sonra çərşənbə axşamı ölkənin qərbindəki Kirmanşah şəhərinin həbsxanasında asılıb.

Çərşənbə günü Fransa Xarici İşlər Nazirliyi Rəsayinin edamını pisləyib və "hər yerdə və hər şəraitdə ölüm hökmünə etirazının dəyişməz" olduğunu təkrarlayıb və bunu "ədalətsiz və qeyri-insani cəza" adlandırıb.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peylinin ofisi İranı etirazçıları “yalançı məhkəmələr və məcburi etiraflara” məruz qoymaqda ittiham edib.

İran İnsan Haqları Qrupu İranda təkcə bu il azı 345 nəfərin edam edildiyini bildirib və əlavə edib ki, son edamlar islahatçı prezident Məsud Pezeşkianın keçən həftə and içdiyi andan bəri ölüm hökmündən istifadənin dayandırılmadığını göstərib.

Forum

XS
SM
MD
LG