İran milyonlarla əfqan qaçqının və miqrantın ölkənin 31 vilayətinin yarısından çoxunda yaşamalarına, səyahət etmələrinə və ya iş axtarmalarına qadağa qoyub.
Dekabrın 3-də Qərbi Kirmanşah vilayətinin vətəndaşlıq və xarici vətəndaşlarla iş üzrə baş direktoru Həmzə Süleymani qadağanın ölkənin 16 vilayətdə qüvvədə olduğunu təsdiqləyib.
"Plan çərçivəsində çox sayda tikinti layihələri, istixanələr və heyvandarlıq təsərrüfatları yoxlanılıb. Bu, Əfqanıstandan olan işçilərin həbs edilərək, vilayətdən qovulmasına səbəb olub" - deyə, o bildirib.
İran mediası Kirmanşah, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Kürdüstan, Həmədan, Gilan, Mazandaran, Sistan-Bəlucistan, İlam, Lorestan, Çaharmahal, Bəxtiyari, Kəhgiluyə, Boyer Əhməd və Hörmüz vilayətləri də daxil olmaqla 16 vilayətdən 15-nin adlarını açıqlayıb.
Oktyabr ayında İranın daxili işlər naziri Əhməd Vahidi Tehranın əksəriyyəti müharibədən, təqiblərdən və yoxsulluqdan qaçan Əfqanıstan vətəndaşlarından ibarət "qanunsuz" miqrantları deportasiya edəcəyini bir daha təkrarlayıb.
Tehranın hesablamalarına görə, hazırda ölkədə 5 milyondan çox əfqan yaşayır. İran rəsmiləri hazırda ölkədə qalmaq üçün sənədləri olmadığı üçün onların azı yarısını deportasiya etmək istəyir.
Əfqanıstanın Taliban tərəfindən idarə olunan hökumətinin Pakistanın edtiyi kimi kütləvi deportasiya kampaniyasına başlamazdan əvvəl Tehrandan əfqanlara daha çox vaxt verməsini istəməsinə baxmayaraq, son bir neçə ay ərzində İrandan deportasiya edilən əfqanların sayı durmadan artır.
İslamabad hazırda 1,7 milyondan çox "sənədsiz əcnəbini" ölkədən çıxarmaq kampaniyası çərçivəsində hər gün minlərlə yoxsul əfqanı deportasiya edir.
Forum