Birləşmiş Ştatlar və dünyanın beş qüdrətli dövləri İranla Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan razılığa dair danışıqlarda inkişafa nail olub, lakin hələlik razılıq əldə edilməyib.
İsveçrənin Lozanna şəhərində görüşən diplomatlar bazar günü bildiriblər ki, Tehran hazırda işlətdiyi sentrifuqaların sayının 6 minə qədər azaldılmasına və zənginləşdirilmiş uran ehtiyatlarının saxlanmaq üçün Rusiyaya göndərilməsinə razı olduğunu nümayiş etdirib.
Bunun müqabilində İranla danışıqlar aparan Britaniya, Çin, Fransa, Rusiya, Almaniya və Birləşmiş Ştatların İrana tibbi məqsədlərlə Fordov adlandan yeraltı obyektdə məhdud həcmdə və yaxından müşahidə edilmək şərtilə nüvə testləri keçirməyə icazə verilməsini nəzərdən keçirdiyi bildirilir.
Lakin danışıqları müşahidə edən rəsmilər bəzi mübahisəli məsələlərin hələ də müzakirə edildiyini bildirib. İran və dünyanın altı qüdrətli dövləti çərşənbə axşamı özləri üçün qoyduqları son möhlətə qədər çırçivə razılığın əldə edilməsinə çalışır.
Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmeyer danışıqların atmosferini müsbət qiymətləndirib, lakin razılığın əldə edilməsi yolunda maneələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Vaşinqtonda Ağ Evin sözçüsü Coş Ernest ABC televiziyasına müsahibədə deyib: “İranlıların beynəlxalq ictimiayyətə lazım olan ciddi təəhhüdlər vermək istəyib-istəmədiyi və özlərinin apardığı ritorikaya görə, nüvə silahı istehsalına çalışmadıqlarına dair açıq siqnal göndərməsinin vaxtıdır.”
Son möhlət yaxınlaşdıqca bir neçə aydır İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparan ABŞ Dövlət katibi Con Kerri bazar günü planlaşdırdığı kimi Birləşmiş Ştatlara qayıtmaq planını təxirə salıb.