İranın səkkiz Bəhai vətəndaşını Qərb ünsiyyətdə olmaq və uşaqlar üçün təhsil proqramları hazırlamaq da daxil olmaqla təhlükəsizlik cinayətlərində əli olmaqda ittiham edərək həbs cəzasına məhkum etdiyi və cəzanı çəkmək üçün həbsxanaya çağırıldığı bildirilir.
Bazar ertəsi Amerikanın Səsinin Fars şöbəsinə İranın cənub bölgəsinin Bəndər Abbas limanında yaşayan səkkiz Bəhainin vəziyyəti ilə bağlı məlumat verən bir mənbə onların bir gün əvvəl həbsxanaya çağırılması barədə məhkəmə qərarı aldıqlarını deyib. Mənbə altı kişi və iki qadına göndərilən məhkəmə qərarının surətini Amerikanın Səsinə təqdim edib. Qərarda həmin şəxslərin yerli hakimiyyət orqanlarına təslim olmaları üçün 10 gün vaxt verildiyi bildirilib.
İran daxilində məlumat vermək qadağan edildiyi üçün Amerikanın Səsi sənədin həqiqiliyini müstəqil olaraq təsdiqləyə bilməyib.
Amerikanın Səsinə təqdim edilən sənəddə Bəndər Abbasın yerləşdiyi Hormozqan əyalətinin apellyasiya məhkəməsinin fevralın 8-də iranlı Bəhailərə qarşı həbs cəzalarını yekun olaraq təsdiqlədiyi deyilir. Dekabr ayında isə aşağı instansiya məhkəməsi onları “milli təhlükəsizliyə qarşı cinayətlər” ittihamı ilə bir ildən iki ilə qədər həbs cəzasına məhkum etmişdi.
Sənəddə apellyasiya məhkəməsinin Omid Afaği, Mehrallah Əfşar, Fərhad Əmiri, Adib Haqpacuh, Mahnaz Cannesar və Araş Rasehi üçün iki illik həbs cəzalarını təsdiqlədiyi deyilir. Nasim Ğanavatian və Maral Rəsti bir il müddətinə həbs cəzasına məhkum ediliblər.
İran rəsmiləri ilkin olaraq Bəhailəri 2017-ci ilin aprelində saxlamışdı. Onlar sonradan zaminə buraxılmışdı.
Amerikanın Səsinə təqdim olunan məhkəmə sənədində milli təhlükəsizlik maddəsi ilə məhkum edilən səkkiz Bəhai ABŞ və Britaniyada qərargahlanan fars-dilli media orqanları, o cümlədən Amerikanın Səsi, BBC, İnsan Haqları Aktivist Xəbər Agentliyi (HRANA) ilə informasiya paylaşmaqda ittiham olunublar.
Müəllif: Michael Lipin