Accessibility links

İranda "ateizmi təbliğ, din və İslamı təhqir" ittihamı ilə iki nəfər edam edilib


İranda sosial mediadan "ateizmi təbliğ, din və İslamı təhqir etmək" üçün istifadə etdiklərinə görə iki nəfər edam edilib.

Ədliyyə xəbər saytı Mizan tərəfindən mayın 8-də açıqlanan məlumatda Yusif Mehrdad və Sədrulla Fazeli Zarinin edam edildiyi bildirilsə də, onların edam edildiyi tarix barədə məlumat verilməyib.

Məlumatda bildirilib ki, Zari və Mehrdadın işi 2019-cu ilə aiddir və o zaman onlara qarşı ittiham Ərak İnqilab Məhkəməsində irəli sürülüb. Üç azyaşlı uşaq atası olan Mehrdad internetdə küfrdə və Qurani Kərimi yandırmaqda ittiham olunub. Zarinin peyğəmbəri və İslamı təhqir etdiyini etiraf etdiyi bildirilib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, onların edamı İranın son iki həftə ərzində hər altı saatda bir nəfərin edamı ilə bağlı siyahıya əlavə olunub.

İki il əvvəl Türkiyə hava limanında yoxa çıxan və sonradan İranda olduğu məlum olan İran mənşəli isveçli dissident mayın 6-da terrorizm ittihamı ilə edam edilib.

Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı (ASMLA) adlı separatçı qrupun qurucusu və keçmiş lideri Həbib Çaab terror qruplaşmasına rəhbərlik etməkdə günahlandırılıb və "Yer üzündə korrupsiya" ittihamı ilə ölüm cəzasına məhkum edilib.

İranda edamların davamlı siyahısını aparan İran İnsan Haqları əksəriyyətinin narkotik maddə ilə bağlı ittihamlar olmaqla, bu il İranda 205 nəfərin edam edildiyini bildirib. Təşkilatın məlumatına görə, son iki həftə ərzində edam edilən 40-dan çox insanın yarısı bəluc etnik azlığına aiddir.

XS
SM
MD
LG