Hüquq müdafiəçiləri iyun ayının 21 və 22-də Qəzvin və Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində iki məhbusun dar ağacından asıldığını bildirib.
İran İnsan Haqları Təşkilatının (İran HR) yaydığı məlumata əsasən, Qəzvinin mərkəzi həbsxanasında saxlanılan Ramin Səadətbəylinin ölüm cəzası bazar ertəsi günü tətbiq edilib. Əslən Zəncan şəhərindən olan Səadətbəyli qətl ittihamı ilə mühakimə edilmişdi.
Salmas həbsxanasında saxlanılan Həbib Rzayi isə bir gün sonra, iyunun 22-də dar ağacından asılıb. İran HR-ə istinadən Rzayi qətl ittihamı ilə qisas cəzası almışdı.
Həmçinin İranın yarı-rəsmi Mehr agentliyinin xəbərinə görə, Bicar şəhərində iki edam məhkumu qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilərək dar ağacından xilas olublar.
İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtara bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.