Accessibility links

Marağada üç məhbus edama məhkum olub, iki edam məhkumu isə əfv edilib


Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində üç məhbusun edam hökmünə məhkum olduğu, edama məhkum olmuş iki məhbusun isə qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edildiyinə dair xəbərlər yayılıb.

İran Radio və Televiziya Təşkilatının xəbər agentliyinə istinadən, daha əvvəl qətl ittihamı ilə edama məhkum olmuş iki məhbus “qan sahiblərinin razılığını alaraq dar ağacından xilas olublar.”

“Qisasa məhkum olmuş məhbuslardan biri 17 il əvvəl Marağada qətl törətmişdi. Digər məhkum isə bu il Marağanın kəndlərinin birində cinayət işləyib,” deyə agentlik bildirib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi isə bu yaxınlarda Marağa Cəza Məhkəməsində üç məhbusa qarşı edam hökmü çıxarıldığını bildirib.

HRA-nın məlumatına görə, Vəhid Qurbanpur, Əlirza Pərvinpur və Mansur Abbasi “zorla ləvat” (həmcinsə təcavüz) ittihamı ilə mühakimə ediliblər.

Hüquq müdafiəçilərinin daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda təqribən 300 məhbusun ölüm hökmü icra olunub. Bunlardan 13-ünün hökmü əhaliyə açıq məkanlarda həyata keçirilib. Həmçinin, 2019-da dar ağacından asılan məhbuslardan dördünün yaşı mühakimə olunduğu zaman 18-dən aşağı olub.

XS
SM
MD
LG