Avropa İttifaqının yüksək səviyyəli diplomatı çərşənbə günü İranla keçən həftə dayandırılan nüvə müzakirələrinin cümə axşamı Vyanada davam etdiriləcəyini bildirib.
Avropa İttifaqı baş katibinin müavini və danışıqlara sədrlik edən Enrike Mora öz tvitter səhifəsində Birgə Hərtərəfli Fəaliyyət Planının mümkün bərpası ilə bağlı danışıqların yeddinci raundunun “nümayəndələr və paytaxtlar arasında məsləhətləşmələrdən” sonra cümə axşamı davam edəcəyini yazıb.
İranı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) iilkin sazişinə qaytarmaq səyləri keçən həftə baş tutmadı və 2015-ci il müqaviləsini imzalayan üç ölkədən - Fransa, Britaniya və Almaniyadan olan vasitəçilər İranla bağlı məyusluğunu bildirərək, bu ölkənin "qazanılan diplomatik irəliləyişdən geri çəkildiyini" bildirdi.
JCPOA çərçivəsində İran beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdıracağına söz verib. Tehran nüvə silahı əldə etmək cəhdini inkar edir.
Sabiq ABŞ Prezidenti Donald Trampın administrasiyası 2018-ci ildə razılıqdan geri çəkilərək, onun İrana kifayət qədər təzyiq göstərmədiyini bildirib və ABŞ sanksiyalarını bərpa edib. O vaxtdan bəri İran uranı sazişdə icazə verilən həddən artıq zənginləşdirərək, nüvə proqramını yeniləyib.
Tehran, həmçinin BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə obyektlərinə girişini məhdudlaşdırıb və bu, ölkənin bağlı qapılar arxasında nələr etdiyi ilə bağlı narahatlıqları artırıb.
Prezident Co Bayden ABŞ-ın razılaşmaya qayıtmağa hazır olduğunu bildirib. ABŞ diplomatları Vyanadakı danışıqlarda birbaşa iştirak etir və danışıqlarda iştirak edən tərəflər onlara məlumat verir.