Yüzlərlə etirazçı çərşənbə günü əxlaq polisinin nəzarətində olarkən ölən Məhsa Əmininin 40-cı gününü qeyd etmək üçün İranın şimal-qərbindəki məzarlığına yürüş edib.
Sosial media saytlarında yayımlanan həvəskar videoda bəziləri maşında, əsasən piyada olan etirazçıların Əmininin vətəni Kürdüstan vilayətinin Saqqız şəhərindəki Aiçi qəbiristanlığına getdiklərini görmək olub. Şahidlər həmin ərazidə İran təhlükəsizlik qüvvələri tərəfindən atəş açıldığını bildirib.
Digər şüarlarla yanaşı "Diktatora ölüm" şüarları səsləndirən nümayişçilər gücləndirilmiş təhlükəsizlik tədbirlərinə məhəl qoymayaraq, çərşənbə günü nöbvəti yürüş keçirib.
Amerikanın Səsinin fars xidmətinin bildirdiyinə görə, Tehranda da toplaşan etirazçılar "Rədd olsun diktator" və "Qorxma, biz birlikdəyik" şüarları səsləndirib.
Kürd əsilli Əmini sentyabrın 13-də paytaxt Tehranda əxlaq polisi tərəfindən baş örtüyünü və ya hicabını "düzgün şəkildə" örtmədiyi iddiası ilə saxlanılıb. 22 yaşlı gənc qız üç gün sonra həbsdə olarkən ölüb və polis onun infarkt keçirdiyini bildirib. Ailəsi isə onun ürək problemi olmadığını deyib.
Şiə İslamında bir çox digər ənənələrdə olduğu kimi adətən ölümün 40-cı günü qeyd edilir. Asayişi qoruyan polisin və yarı-hərbi Bəsic Müqavimət Qüvvələrinin Saqqız və Kürdüstanın digər bölgələrinə yerləşdirildiyi bildirilib.
İran dövlət mediasının bildirdiyinə görə, çərşənbə günü vilayətdəki bütün məktəb və universitetlər bağlı olub və rəsmilər bunu "qrip dalğası" səbəbi ilə izah edib.
Əmininin ölümü qadınların məcburi hicab taxması ilə bağlı etirazların həftələrlə davam etməsi və İranın siyasi sistemində dəyişiklik edilməsinə çağırışlara səbəb olub. Hökumət nümayişləri dağıtmaq üçün çox zaman həqiqi güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Hüquq müdafiəçiləri etirazlar zamanı 200-dən çox insanın öldüyünü, yüzlərlə, hətta minlərlə insanın həbs edildiyini bildirib. Təhlilçilər deyirlər ki, etirazlar İslam Respublikasının tarixində ən ciddi çağırışlardan birinə çevrilib.