Accessibility links

İranda yeniyetmənin ölümü ilə bağlı həyəcanlar artmaqdadır


İran məhkəməsi 16 yaşlı Nika Şahkəraminin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə bağlı ittihamları rədd etsə də, çərşənbə günü İranda onun ölümü ilə bağlı narahatlıqlar daha da artıb.

İranın hüdudlarından kənarda yerləşən fars mediasının xəbər verdiyinə görə, ölən qızın ailəsinə onun cəsədini doğma şəhərində dəfn etməyə icazə verilməyib və iki yaxın qohumu həbs edilib.

Onun bibisi Atəş Şahkərami tvitter səhifəsində Nikanın sentyabrın 20-də Tehranda keçirilən etiraz aksiyasına qatıldıqdan sonra itkin düşdüyünü yazıb.

On gündən sonra ailəyə onun ölü tapıldığı bildirilib.

İranda etirazlar başqa ölkələrdəki həmrəylik yürüşləri ilə birlikdə sentyabrın ortalarında Tehranda məşhur əxlaq polisi tərəfindən həbs edilən Məhsa Əmininin ölümü ilə bağlı başlayıb.

Hüquq müdafiəçiləri İran təhlükəsizlik qüvvələrinin etirazları yatırarkən onlarla insanın öldüyünü bildirib.

"BBC Fars" və "Iran Wire" da daxil olmaqla, kütləvi informasiya vasitələri Nika Şahkəraminin ailəsinə onun meyitini morqda görmələrinə icazə verildiyini, lakin onu doğma Lorestan vilayətindəki Xorrəmabad şəhərində dəfn etməyə icazə verilmədiyini bildirib.

O, oktyabrın 3-də, 17 yaşını qeyd edəcəyi gün Xorrəmabaddan onlarla kilometr aralıda yerləşən kənddə gizli şəkildə dəfn edilib.

Sosial media, eləcə də Nyu-Yorkda yerləşən İran İnsan Haqları Mərkəzi tərəfindən yayımlanan görüntülərdə ailənin Xürrəmabadda onun xatirəsinə həsr olunmuş etiraz aksiyasına qatıldığını və anasının "Bu gün sənin doğum günündür, əzizim.. Bu gün sənin şəhidliyini təbrik edirəm" dediyini görmək olub.

Onun Veysian kəndində dəfn olunduğu yer olduğu deyilən görüntülərdə kobud bir baş daşı ilə çirkli bir məzar görünüb.

Bildirildiyinə görə, həm Atəş Şahkərami, həm də dayısı həbs edilib. Atəş Şahkərami sonuncu dəfə oktyabrın 2-də tvitterdə yazıb və o vaxtdan bəri heç bir fəaliyyəti olmayıb.

Nika Şahkəraminin Tehran yaxınlığındakı Kəhrizək həbsxanasında saxlandığı barədə məlumatlar var. Lakin bu, İran rəsmiləri tərəfindən təsdiqlənməyib. Ailə onun cəsədini görəndə burnunun əzildiyini və kəllə sümüyündə çat olduğunu bildirib.

"BBC Fars"ın bazar ertəsi verdiyi məlumata görə, Nika Şahkəraminin Behişt-i Zəhra qəbiristanlığında yarılması ilə bağlı hesabatda onun "sərt əşya ilə" aldığı çoxsaylı xəsarətlər nəticəsində öldüyü qənaətinə gəlinib.

Rəsmi İRNA xəbər agentliyi Şahkəraminin ölümü ilə bağlı çərşənbə günü istintaqa başladıldığını və səkkiz nəfərin həbs edildiyini bildirib.

Lakin İranın məhkəmə sistemi çərşənbə günü Nika Şahkəraminin ölümü ilə Məhsa Əmininin ölümü ilə bağlı etirazlar arasında hər hansı əlaqənin olduğunu rədd edib.

XS
SM
MD
LG