Accessibility links

İran ABŞ-dan 2015-ci il sazişindən bir daha çıxmayacağına dair zəmanət tələb edir


Buşehr Nüvə Elektrik Stansiyası
Buşehr Nüvə Elektrik Stansiyası

İran bazar ertəsi ABŞ-dan 2015-ci il nüvə sazişindən bir daha çıxmayacağına dair zəmanət tələb və Tehranın sazişə qismən qayıtmasını qəbul etməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransında ABŞ-ın 2018-ci ildə sazişdən çıxmasına istinad edərək “Vaşinqton Amerikanın heç bir hökumətinin dünya və beynəlxalq hüquqları poza bilməyəcəyinə və bunun heç vaxt təkrar olunmayacağına dair zəmanət verməlidir” deyib.

İran və dünya qüdrətləri arasında iyun ayından dayandırılan nüvə sazişinin bərpası üzrə danışıqlar noyabrın 29-da Vyanada davam etdirilməlidir.

Xabtizadə deyib ki, Vaşinqton “nüvə sazişindən çıxdıqdan sonra tətbiq etdiyi ədalətsiz və qeyri-qanuni sanksiyaları qəti şəkildə ləğv etməlidir”.

Sözçü danışıqlarda irəliləyişin ABŞ-ın sanksiyaları ləğv etməsindən asılı olacağını da vurğulayıb.

ABŞ prezident Donald Tramp dövründə birtərəfli qaydada sazişdən çıxıb və İrana qarşı sərt sanksiyalar, o cümlədən neft ixracına birtərəfli qadağalar tətbiq edib.

Buna cavab olaraq İran 2019-cu ildən etibarən saziş çərçivəsində nüvə fəaliyyətləri ilə bağlı sərt məhdudiyyətlərə əməl etməməyə başlayıb.

Xətibzadə deyib ki, sanksiyalar ləğv olunmayınca İran “kompensasiya tədbirləri”ni geri götürməyəcək.

Co Bayden prezidentlik vəzifəsinə 2015-ci ilin razılaşmasına qayıtmaq ümidi ilə başlayıb.

O, xarici işlər nazirinin müavini Əli Baqerinin İranın baş müzakirəçisi olacağını və bu həftə London, Paris, Berlin və ola bilsin Madridə səfər edəcəyini bildirib.

Şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Qərbi “realist” olmağa və İrana qarşı “həddindən artıq tələblərdən” çəkinməyə çağırıb.

XS
SM
MD
LG