Accessibility links

Qubad İbadoğlu: Azərbaycan islahedici tədbirlər planını tam şəkildə yerinə yetirməyib [Video-müsahibə]


Qubad İbadoğlu: Azərbaycan islahedici tədbirlər planını tam şəkildə yerinə yetirməyib
please wait

No media source currently available

0:00 0:06:25 0:00

Qubad İbadoğlu: Azərbaycan islahedici tədbirlər planını tam şəkildə yerinə yetirməyib

“Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının rəhbəri Azərbaycanın bu qurumla münasibətlərindən danışıb

“Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində Azərbaycanın “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün islahedici planını yerinə yetirməsi ilə bağlı atdığı addımlardan danışıb.

Amerikanın Səsi: “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyası prezident İlham Əliyevə müraciət edib. Müraciətinizdə hansı məsələlərə toxunubsunuz?

Qubad İbadoğlu: Biz hesab etdik ki, prezidentə müraciət edək, eyni zamanda öz narahatlığımızı bölüşək. Narahatlığımız əsas ondan ibarətdir ki, on gündən sonra Astana şəhərində Beynəlxalq İdarə Heyəti Azərbaycanın məsələsini müzakirə edəcək. Azərbaycanda islahedici tədbirlər planının tətbiqi ilə bağlı qiymətləndirmə aparılıb və həmin qiymətləndirmənin nəticəsi də orada təqdim olunacaq. Qiymətləndirmənin ilkin nəticəsi bizə bəllidir. Nəticələr göstərir ki, Azərbaycanda bu istiqamətdə, yəni həmin islahedici tədbirlər planının həyata keçirilməsi baxımından yerinə yetirilməmiş fəaliyyətlər var. Bu fəaliyyətlər yerinə yetirilmədiyi təqdirdə təbii ki, Azərbaycanla bağlı qərar müsbət olmayacaq. Bu fəaliyyətlər arasında əsasən “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nə üzv olan təşkilatların vergi cərimələri hələ də qalır, bu cərimələrin aradan qaldırılması istiqamətində demək olar ki, heç bir təşəbbüs yoxdur. Eyni zamanda, bir çox üzv təşkilatların qrantları hələ də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmir, onlara imtina cavabı verilir. Bizim “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nə üzv olan iki təşkilatın nümayəndəsi müxtəlif səbəblərdən həbsdədir. Eyni zamanada, bir təşkilatın nümayəndəsinin və hətta ailə üzvlərinin cinayət təqibi davam edir. Bu səbəbdən hesab etdik ki, bu məlumatları prezidentin diqqətinə təqdim edək. Onlar da mövcud vəziyyəti dəyərləndirəndən sonra addımlar atsınlar. Məktubun cavabını gözləyirik.

Amerikanın Səsi: Azərbaycanın atdığı addımlar üzv statusnun bərpası üçün bəs edirmi?

Qubad İbadoğlu: Əgər bəs etsə idi, yəqin ki, narahatlığımızı ifadə etməzdik. Müzakirələr, aparılan qiymətləndirmələr onu göstərir ki, Azərbaycan islahedici tədbirlər planının vaxtında və tam şəkildə yerinə yetirməyib. Belə olan halda təbii ki, Azərbaycanda əhəmiyyətli irəliləyişlərdən danışmağa dəymir və Azərbaycandakı irəliləyiş məqbul olmadığına görə, xüsusilə də Azərbaycan vətəndaş cəmiyyətinin “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”ndə” azad və effektiv şəkildə iştirak imnkanları məhdud olduğu səbəbindən Azərbaycanın statusnun geri qaytarılması çətin olacaq. Hesab edirəm ki, bu addımlar, indiyədək görülən işlər, bilirsiniz ki, bunların sırasında sərhəd yoxlamalarının dayandırılması var, bəzi bank hesablarının üzərindən həbsin götürülməsi var. Bunlar kifayət etməyəcək. Yeri gəlmişkən qeyd edim ki, bank hesablarından həbs götürülsə də, bir çox təşkilatlarda hələ də hesablara giriş mümkün deyil. Çünki qrantların qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyindən müsbət cavab almayan təşkilatlar öz bank hesablarından indiyədək istifadə edə bilmirlər.

Amerikanın Səsi: Konkret olaraq islahedici planın hansı bəndləri yerinə yetirilməyib?

Qubad İbadoğlu: “Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” QHT Koalisiyasının 150 üzvü var. Bu kifayət qədər aktiv və böyük təşkilatlardan biri olub. Hal-hazırda heç bir maliyyə mənbəyimizin olmaması səbəbindən üzvlərimizin böyük əksəriyyəti fəaliyyətini dayandırıb və bütövlükdə koalisiya yalnız iclaslarını keçirməklə işini məhdudlaşdırır. Biz ictimai debatlar təşkil edə bilmirik, monitorinqlər apara bilmirik, tədqiqatlar həyata keçirə bilmirik. İslahedici planda nəzərdə tutulub ki, koalisiya öz fikrini azad ifadə etsin və bu istiqamətdə fəaliyyətini davam etdirsin. Başqa bir istiqamət isə üzvlərin bank hesablarına girişi ilə bağlıdır. Bu da bir çox üzvlər üçün açıq olsa da, bəzi üzvlər üçün hazırda bank hesablarının üzərində sərəncam vermək hüququ məhdudlaşdırılıb. Hesab edirəm ki, bütövlükdə kollektiv plan tam şəkildə yerinə yetirilmədiyindən bu da son nəticədə bizimlə bağlı qərara ciddi təsir göstərəcək.

Amerikanın Səsi: Oktyabrın 25-də “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün İdarə Heyətinin toplantısında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək. Hansı qərarı gözləyirsiniz?

Qubad İbadoğlu: Azərbaycanla bağlı qərarın demək olar ki, layihəsi hazırdır. Müxtəlif müzakirələrdən keçib. Qərarın əsasını yəqin ki, yeni dövr üçün yeni islahedici tədbirlər planının təsdiqi təşkil edəcək. Yəni, Azərbaycan indiyədək islahedici tədbirlər planını həyata keçirmədiyinə görə növbəti dövr üçün ona yeni islahedici tədbirlər planı təqdim olunacaq. Söhbət Azərbaycan hakimiyyəti və çoxtərəfli qrupdan gedir. Bundan başqa gözlənilən odur ki, ən yaxşı halda Azərbaycan öz statusunu qoruyub saxlaya bilər. Yəni, Azərbaycanın indiki statusu, - üzvlüyə namizəd ölkədir. Ən pis halda isə Azərbaycanın fəaliyyətini həmin təşəbbüsdə dayandırmaqla bağlı qərar verilə bilər.

Amerikanın Səsi: Qərarların nəticələri nə ola bilər?

Qubad İbadoğlu: Azərbaycanın nə həmin təşəbbüsdən çıxarılması, nə də statusunun qaytarılması ilə bağlı qərar gözlənilmir. Təbii ki, belə bir qərar olsa onda bu, Azərbaycanın həm kredit, həm də investisiya reytinqinə mənfi təsir edəcək. Bəzi beynəlxalq maliyyə təşkilatları Azərbaycanla bağlı qərarı gözləyir. Bunlar da son nəticədə “Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”ndəki statusunun bərpa olunmaması ölkəyə investisiya və yaxud borc verilməsi məsələsində müəyyən tərəddüdlərə malikdirlər. Bu, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün lazım olan kapitalın ölkəyə gətirilməsinə mane olan bir qərar ola bilər. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə şəffaflıqla, hesabatlılıqla bağlı aparılan tədqiqatlarda yerini pisləşdirə bilər. Məsələn, Dünya Bankının yaxşı idarəetmə göstəricilərində Azərbaycanın vəziyyəti indikindən daha pis duruma düşə bilər. Bundan əlavə, bu qərar həm də Azərbaycanın özünün daxilində, xüsusilə də fəaliyyət göstərən beynəlxalq transmilli korporasiyaların fəaliyyətinə və bu istiqamətdəki gələcək sərmayələrinə də mənfi təsir göstərə bilər.

XS
SM
MD
LG