Banklarda keçirilən monitorinqlər dekabrın 21-də milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq Azərbaycan banklarının pul köçürmələri əməliyyatlarını dayandırdıqlarını göstərib.
Bu barədə Trend agentliyi xəbər verib.
2015-ci ilin dekabrın 21-dən Azərbaycanın Mərkəzi Bankı milli valyutanın üzən məzənnəsinə keçib, bunun nəticəsində ABŞ dollarının və avronun məzənnəsi manata nisbətən 47,6 və 47,9 faiz artaraq müvafiq olaraq 1,5500 və 1,6850 manat olub.
Pul köçürmələri əməliyyatlarını bu günün ikinci yarısında bərpa etmək planlaşdırılır.
Agentlik bildirir ki, bu, xarici valyuta ilə bağlı digər bank əməliyyatlarında da, o cümlədən valyuta mübadiləsində də əks olunub.
Virtualaz.org saytı isə bildirir ki, paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayanıb. Səbəb manatın üzən məzənnə siyasətinə keçidinin elan olunmasıdır.
Sayt bildirir ki, iri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə “Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək” məzmunlu elanlar asılıb.
Virtualaz.org-un məlumatına görə, bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılır. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan "Samsung" markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib.