Accessibility links

Bakıda Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq-Dünya İqtisadi Forumu


Bakıdan görüntü
Bakıdan görüntü

Məqsəd uzunmüddətli ssenarilər hazırlamaq və inkişafa təkan vermək, regionun unikal imkanlarını aşkar etməkdir

Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq” mövzusunda I Dünya İqtisadi Forumu (Davos Forumu) işinə başlayıb.
APA agentliyinin məlumatına görə, Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Davos Forumunun icraçı direktoru Klaus Şvab tədbirin təşkilində dəstəyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu deyən K.Şvab qeyd edib ki, ölkənin coğrafi mövqeyindən, yüksək təhsil almış işçi potensialından bu regionda birgə istifadə etmək olar. O, həmçinin Azərbaycanın maliyyə, bank, tikinti sektorunun inkişaf getdiyini diqqətə çatdırıb.

Forumun keçirilməsində məqsədin uzunmüddətli ssenarilər hazırlamaq və inkişafa təkan vermək, regionun unikal imkanlarını aşkar etmək olduğunu deyən K. Şvab bu məqsədlə dünyanın müxtəlif ölkələrindən nümayəndələrin tədbirə qatıldığını vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, ötən əsrin 90-cı illərin əvvəlində Azərbaycanın vəziyyəti yaxşı olmayıb. Sovet ittifaqının süqutundan sonra problemlər, daxildə çaxnaşmalar baş verib, Ermənistan tərəfindən Azərbaycan əraziləri işğal edilib.

Azərbaycanda enerji sektorunda görülən işlərdən danışan prezident İlham Əliyev bildirib ki, enerji sahəsində bir sıra islahatlar aparılıb.

“Bu, bazar iqtisadiyyatına keçid idi. Azərbaycan islahatlara başladığı zaman enerji sektoruna investorları cəlb edə bildi. Sonrakı mərhələdə biz iqtisadi inkişafımızı enerji sahəsindən qeyri-enerji sektoruna yönəltdik. İqtisadi və siyasi islahatlara sərmayə qoyduq və bu proses bu gün də davam edir. Bizim əlverişli coğrafi mövqeyimiz var. Biz karbohidrogen mənbələrimizin çoxşaxəli daşınma marşrutlarını yaratmışıq. Yeddi neft və qaz kəmərimiz var. Eyni zamanda Xəzər sahilindəki digər tərəfdaşlarımıza da onların karbohidrogen ehtiyatlarının daşınmasına dəstək veririk”.

Ölkədə yoxsulluq səviyyəsinin azaldığını, inflyasiyanın birrəqəmli səviyyədə olduğunu diqqətə çatdıran dövlət başçısı son onillikdə ölkə iqtisadiyyatın üç dəfə artdığını bildirib.

“Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir. Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir”.

Prezident qeyd edib ki, son 10 ildə ölkəyə 130 milyard dollar sərmayə yatırılıb.

“Bunun da müəyyən hissəsi xarici sərmayədir. Bu isə ölkədəki sabitliyi göstərir”.
Əliyev Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, TANAP layihəsinin yeni enerji dəhlizi olduğunu, onun ən azı 100 il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını qeyd edib.

Forumda çıxış edən Qazaxıstan baş nazirinin birinci müavini Baktijan Sagintayev ölkəsinin iqtisadi imkanları barədə danışıb:

“Qazaxıstan MDB məkanında investisiya yatırmaq üçün ən əlverişli ölkələrindən biridir. Mərkəzi Asiya regionunda xarici investisiyaların 80 faizi Qazaxıstanın payına düşür. Qazaxıstanda iqtisadiyyatın diversifikasiyası istiqamətində işlər aparılır. Biz qeyri-neft sektorunun inkişafına xüsusi önəm veririk”.

Bölgədə birgə fəaliyyət üçün imkanların olduğunu deyən B. Sagintayev ölkəsinin Böyük İpək Yolunun bərpası istiqamətində işlər apardığını bildirib.

“Həyata keçirdiyimiz layihələr bölgə ölkələrinin inkişafı baxımından önəmlidir. Cənubi Qafqaz ölkələri ilə ticarət potensialı böyükdür”.

Rusiyanın VTB Bankının sədri Andrey Kostin qeyd edib ki, ötən dövrdə Azərbaycan və regionun digər ölkələrinin iqtisadiyyatında mühüm böyümələr olub.

“İqtisadiyyatın böyüməsi özünü daha çox enerji mənbələrinə malik ölkələrdə göstərir. Regionda böyük imkanlar var. Lakin təhlükəsizlik baxımından regionda müəyyən problemlər var. Xüsusilə də hərbi təhlükəsizlik, siyasi ekstremizm təhlükələri var. Eyni zamanda bölgə Əfqanıstan və İranla qonşuluqda yerləşir”.

A. Kostin Rusiyanın yenidən imperiyanı bərpa etmək niyyəti ilə bağlı xarici ekspertlərin fikirlərini də təkzib edib.

“Bəzi amerikalı həmkarlarımızın iddiasının əksinə olaraq, Rusiya yenidən imperiya yaratmaq niyyətində deyil. Bu regionda Rusiyanın müəyyən maraqları var. Rusiyada radikal islamçılıq, narkotik qaçaqmalçılığı kimi problemlər var. Xəzər dənizi Rusiyanın marağında olan başqa bir misaldır. Sovet İttifaqı vaxtında bizim iqtisadiyyatımız vahid idi. Bu gün də əməkdaşlığımız üçün bir çox imkanlar var”.

Qırğızıstan baş nazirinin müavini Comart Otorbayev bildirib ki, Orta Asiyanın 5 ölkəsinin ümumi daxili məhsulunun həcmi kiçik bir ölkə olan Sinqapurun ümumi daxili məhsulunun həcmindən azdır.

“Qırğızıstan açıq bir ölkədir, ölkəmiz təbii resurslarla zəngindir. Qırğızıstanın təsdiq edilmiş qızıl ehtiyatlarının həcmi 1000 tondan çoxdur. Ötən ildən Qırğızıstan regionun tranzit ölkəsinə çevrilməyə başlayıb. Çinə iki avtomobil yolu inşa edilib. Eyni zamanda hava yolları ilə bağlı açıq naviqasiya siyasətini də dəstəkləyirik”.

Son dövrlər iqtisadiyyatların qloballaşdığını, siyasətlərin isə milliləşdiyini deyən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Türkiyə enerji sahəsində Rusiya, Azərbaycan, İran və İraqla əməkdaşlıq edir: “Suriyada və Kiprdəki siyasi rejimlərin mahiyyətinə baxmayaraq, biz bu ölkələrə elektrik enerjisi veririk. Türkiyə regionda reallaşdırılmış enerji dəhlizi layihələri ilə yanaşı, Bakı-Tiflis-Qars dəmiryolunun içə düşməsi ilə yaranacaq yeni nəqliyyat dəhlizinin qarantıdır”.
Taner Yıldız qeyd edib ki, Türkiyənin 2023 və 2030-cu illərlə bağlı hədəfləri daha realdır. Nazir tədbir iştirakçılarını İstanbulda keçiriləcək Dünya İqtisadi Forumuna dəvət edib.

Hollandiyanın Leben Universitetinin professoru Viktor Halberstad çıxışında bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya həm Avropa, həm də Asiya ölkələri üçün qapı rolunu oynayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG