Aprelin 19-da Çikaqo şəhərində İpək Yolu Konfransı keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, konfransın əsas mövzusu Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, nəqliyyat, ticarət və tranzit potensialı ilə tanış etmək olmuşdur. Konfransda ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri iştirak edib.
Tədbir Şimali İllinoys Universitetinin Biznes Kolleci və Çikaqo Kommersiya Birjasının sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın həmsponsorları qismində Silk Way, Qlobal Biznes Məsləhəti Jurnalı, Tianjin iqtisadi-texnoloji inkişaf Sahəsi, Türk Hava Yolları çıxış edib.
Çıxışlarda Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf siyasəti, nəqliyyat sektorunun inkişafı istiqamətində görülən işlər, İpək Yolu ilə daşımaların sürətləndirilməsi uçun aparılmış islahatlar, quru, dəmir, dəniz, hava yolları və əlaqədar infrastrukturun imkanlarının artırılması barədə danışılıb.