İordaniya Suriya ilə sərhəddə altı nəfərin ölümü, 14 nəfərin isə yaralanması ilə nəticələnən maşına yerləşdirilmiş bomba hücumundan sonra Suriya və İraqla sərhədlərini bağlayıb.
Partlayış Suriyada zorakılıqlardan qaçıb İordaniyaya keçməyə çalışan on minlərlə insanın sığınacaq tapdığı Rukban ərazisində baş verib.
Ordu rəsmiləri İordaniyada yeni qaçqın düşərgələrinin açılmayacağını, əvvəlki düşərglərin isə genişləndirilməyəcəyini bildirib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. İordaniya ordusu hücum nəticəsində bir neçə avtomobilə zərər dəydiyini bildirib, amma daha detalları açıqlamayıblar.
BMT İordaniyada 650 min qaçqının qeydiyyatdan keçdiyini bildirib. 8 milyon əhalisi olan İordaniya bundan daha çox sayda qaçqına sığınacaq verib. Suriya ilə sərhəddə yerləşən digər ölkələr kimi qaçqın axını ilə qarşılaşan İordaniya bu insanların ehtiyaclarının təmin edilməsi kimi problemlə üzləşir.
BMT-nin daha çox maddi yardımla bağlı çağırışları isə gözlənilən nəticə verməyib.