Accessibility links

Bəstəkar Məlik Candali:"Azad Suriya diktatorsuz Suriya deməkdir"


Amerikada yaşayan əslən suriyalı bəstəkar Məlik Candali Suriyada insanların azadlıq uğrunda mübarizəsi və öz musiqisi haqda danışır

Suriyada bir ildir zorakıqlıqların davam etdiyi vaxt Amerikada yaşayan Suriya mənşəli musiqiçinin bəstələdiyi mahnılar ölkədə xalq üsyanının himninə çevrilmişdir. Məlik Candali Ərəb baharını tərənnüm edən musiqiləri ilə məşhurdur. Amerikanın səsinə müsahibədə o, Suriyanın tarixi, doğma Homs şəhəri, hazırda Suriyada insanların azadlıq uğrunda mübarizəsi və öz musiqisi haqda danışır.


MALEK CANDALİ:”Suriyada indi tarixi bir inqilab baş verir. İnsanlar azadlıq və hüquqlarını tələb edir. Onlar uzun illərdir əsarətdə yaşayıb və diktatorluqdan, son 40-50 ildir qəddarlıq və insanlığa qarşı cinayətlərdən cana gəlib. İnsanlar indi bir araya gələrək azadlıq tələb edir. Bu, Tunisdə, Misirdə, Liviyada və Yəməndə başlamış və sonradan ərəb dünyasının hər yerinə yayılmış hərəkatın bir hissəsidir.”

Məlik Candali Almaniyada anadan olub, valideynlərinin vətəni olan Suriyada Homs şəhərində boya-başa çatıb. Bəstəkar Suriyanın qədim tarixindən ilham alaraq Uqarit simfoniyasını bəstələyib.

Suriyada bu gün baş verən hadisələri şərh edən Məlik Candali ölkənin qədim tarixinə nəzərə salır.

MALEK CANDALİ:”Mənim yeni albomum “Emissa” adlanır. Bu, romalılar dövrü mənim doğma şəhərim olan Homsun tarixi adıdır. Homs indi Suriyada azadlıq və insan hüquqları uğrunda baş verən inqilabın mərkəzidir. Homsun qədim tarixi var. Dünyada ilk sülh sazişi Homsda imzalanıb. Homs hər zaman tarixi inkişafın mərkəzində olub. Apple şirkətinin təsisçisi, müasir texnologiyanın banilərindən biri olan Stiv Cobsun atası Homsdandır. Qədim Suriyada Uqarit əlifbası yaranmışdır. Burada ilk dəfə olaraq musiqi nota alınıb. Bəşər mədəniyyətinə bu qədər töhfə vermiş insanlar artıq yorulublar. Mənim azad Suriya üçün formulum budur: Azad Suriya diktatorsuz Suriyaya bərabərdir.

Məlik Candali keçən il Homsa səfər etdikdən sonra hazırda yaşadığı Atlantada Suriyada azadlıq hərəkatına təkan vermiş hadisələri öyrənir. Əsəd rejimi əleyhinə divarda yazı yazan 15 məktəbliyə işgəncə verildiyi və onların öldürüldüyü xəbəri onu sarsıdır. Candali “Vatani Ənə”-“Vətən mənəm” adlı mahnı bəstələyir. Bu mahnı suriyalıların azadlıq uğrunda mübarizəsinin simvoluna çevrilir. Bəstəkar çoxlarının mahnını prezident Bəşar Əl-Əsəd rejiminə qarşı siyasi mesaj kimi qəbul etməsilə razılaşmır.

MALEK CANDALİ:“Bu, siyasi mahnı deyil. Mahnının sözlərinə baxın:”Vətən mən özüməm, vətən sevgisi ürəyimdə bir atəşdir, mən səni azad görmək istəyirəm.” Azadlıq nə dərəcədə siyasi məna daşıyır? Bu, azadlıq nəğməsidir, insanlar haqda, vətən sevgisi haqda mahnıdır. Vətən də hamının vətəni ola bilər. Mən universal mesaj göndərirəm. Bu vətən Azərbaycan da ola bilər, Koreya da, Suriya da, ABŞ da ola bilər. Mesaj budur ki, Suriya xalqı diktatorluqdan bezib, insanlar azadlıq istəyir. Azadlıq isə baha başa gəlir. Minlərlə insan itkin düşüb, öldürülüb, şəhərlər, xəstəxanalar, məscidlər, kilsələr bombardman edilir. Bu rejim azadlığa, musiqiyə, Amerika dəyərlərinə qarşı olan bir rejimdir.”

Lakin Məlik Candalinin özünün dediyi kimi, azadlıq baha başa gəlir. Mahnının ifasından sonra onun valideynlərinə hücum olur, yaşlı insanlar qəddarlıqla döyülür.

MALEK CANDALİ:“Mən mahnını Ağ Ev qarşısında yürüşdə ifa etdikdən sonra, Əsəd rejimi quldurlarını mənim valiydenlərimin evinə göndərdi. Onlar mənim anamı və atamı döydülər, evimizi talan etdilər.”

Hazırda Məlik Candalinin valideynləri indi onunla Atlanta şəhərində yaşayır.

Bəstəkar və musiqiçi Məlik Candali Suriyada qanlı zorakılıqları diqqətlə izləyir və öz musiqi ilə suriyalıların istiqlal mübarizəsinin səsini bütün dünyaya çatdırır.

Azadlıq uğrunda mübariz İbrahim Qaşuşun faciəli ölümü Məlik Candalini sarsıdır. Şair olan İbrahim Qaşuş prezident Əsədin hakimiyyətdən getməsinə çağıran şerini Həmada böyük kütlə qarşısında oxumuşdu. Minlərlə insan şerin misralarını təkrar-təkrar söyləyirdi. Bir neçə gün sonra səs telləri kəsilmiş İbrahim Qaşuşun cəsədi çayın qırağında tapılmışdı. Məlik Candali “Azadlıq-Qaşuş Simfoniyası”nı yaradır. O, İbrahim Qaşuşun şerinin ritmindən istifadə edir.

MALEK CANDALİ:“Bu şüar Həma və Suriyanın digər şəhərlərində nümayişlərdə populyar idi. Elə ərəb dünyasının başqa yerlərində, Yəməndə də populyar oldu. Ərəb ölkələrində sözləri eynilə saxlayıb, sadəcə liderin adını dəyişib, məsələn, Bəşar, deyil Saleh deyə oxuyurdular. Mən də orkestr üçün bəstələdiyim bu musiqidə həmin o populyar şüarın ritmindən istifadə etdim. Bunun nəticəsi olaraq, rejim mənim evimi bombaladı. Əvvəlcə, onlar mənim valideynlərimə hücum etdilər, sonra isə evimi dağıtdılar.”

Məlik Candali yeni Suriyanı düşünür. O deyir ki, yeni Suriya zəngin ənənələrə malik qədim Suriya kimi olacaq.

MALEK CANDALİ:“Yeni Suriya əvvəlki Suriya kimi, Əsəddən əvəlki Suriya kimi olacaq. Əsəd rejimindən əvvəlki Suriyada azad yaşayan xalq musiqi bəstələmiş, əlifba yaratmışdır. Ölkədə özəl banklar mövcud idi, katolik məktəblər var idi, bütün dinlərə hörmət edilirdi. Mən özüm katolik məktəbinə getmişəm, anam kimi. Bu rejim müxtəlifliyin, azadlığın, musiqinin əleyhinədir. Mən inanıram ki, Əsəd rejimi yaxın zamanlarda süquta uğrayacaq və o zaman biz Suriya xalqının müxtəlifliyi təntənə etdiyinin, azadlığa qovuşduğunun, bir-birinə hörmət etdiyinin və Suriya simfoniyasını yaradacağının şahidi olacayıq. Mən Suriya xalqına qələbə simfoniyasını ithaf edəcəyimi gözləyirəm. Mən bu simfoniyanı Homsda, ya da Dəməşqdə ifa etməyi arzu edirəm. Biz həyatlarını qurban vermiş və azadlıq işinə töhfə gətirmiş bütün qəhrəman insanların xatirəsini anacayıq. Onlar unudulmamalıdır.”

Məlik Candali azad Suriyanın qələbəsini təntənə etmək üçün simfoniya bəstələməyi arzu edir. Bəstəkarın doğma Homsa həsr etdiyi Emissa albomu bu yaxınlarda işıq üzü görüb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG