Accessibility links

Dünyanı gördükləri kimi qəbul etməyib dəyişməyə çalışan qadınlar


ABŞ Dövlət katibi Hillari Klinton və ABŞ-ın birinci xanımı Mişel Obama Türkiyə parlamentinin üzvü, qadınlar və əlillərin hüquqlarının müdafiəçisi Şafak Paveyə Qadın Şücaətinə görə mükafatını təqdim edir
ABŞ Dövlət katibi Hillari Klinton və ABŞ-ın birinci xanımı Mişel Obama Türkiyə parlamentinin üzvü, qadınlar və əlillərin hüquqlarının müdafiəçisi Şafak Paveyə Qadın Şücaətinə görə mükafatını təqdim edir

Dövlət katibi Klinton deyib ki, mükafata layiq görülmüş qadınlar həbslər və təzyiqlərə bamayaraq, qadınlar və qızların həyatının yaxşılaşdırılması üçün durmadan çalışıblar

Martın 8-də ABŞ Dövlət katibi Hillari Klinton Dövlət Departamentində keçirilən tədbirdə dünya ölkələrindən qadın fəallara Qadın Şücaətinə görə mükafatlarını təqdim edib. Beynəlxalq Qadınlar günü münasibətilə təşkil edilmiş tədbirdə fəxri qonaq kimi ABŞ-ın birinci xanımı Mişel Obama, habelə 2011-ci il Nobel Sülh mükafatlarını laureatları Leyma Qbove və Təvəkkül Karman, Dövlət katibinin Qlobal Qadın məsələləri üzrə xüsusi nümayəndəsi Melani Vervir, ABŞ rəsmiləri və xarici ölkə diplomatları iştirak edib.


Dövlət katibi Klinton deyib ki, mükafata layiq görülmüş qadınlar həbslər və təzyiqlərə bamayaraq, qadınlar və qızların həyatının yaxşılaşdırılması üçün durmadan çalışıblar.


Birinci xanım Mişel Obama bu qadınların dünyanı gördükləri kimi qəbul etməyib, istədikləri kimi etmək üçün gördükləri işinə yüksək qiymət verib.


ABŞ Dövlət katibinin təsis etdiyi prestijli Qadın Şücaətinə görə mükafatı dünya ölkələrində bəzi hallarda öz həyatlarını risk qarşısında qoyub qadın və qızların hüquqlarını müdafiə edən və onlara bərabər imkanların verilməsi uğrunda mübarizə aparan qadın fəallara verilir. Bu il mükafat Əfqanıstan, Braziliya, Birma, Kolumbiya, Liviya, Maldiv adaları, Pakistan, Səudiyyə Ərəbistanı, Sudan və Türkiyədən 10 qadın fəala təqdim edilib.


2012-ci il Beynəlxalq Qadın Şücaətinə görə mükafatına layiq görülən Qəndəhar vilayətinin yerli şurasının üzvü Məryəm Durani qadınlar üçün gəlirsiz təşkilatın və radio stansiyanın rəhbəridir. Müasir əfqan qadınlarına lider kimi tanış olan Məryəm Duraninin həyatına bir neçə dəfə sui-qəsd cəhdi olub. 2009-cu ildə bu cəhdlərin biri zamanı o ağır yaralanıb. Hələ də təhdidlərlə qarşılan bu qadın Əfqanıstanda vətəndaş hüquqlarının inkişafı uğrunda mübarizə aparmaq missiyasından geri çəkilmir.


Braziliyada qadın polis Prisilla de Oiveyra Azevedo mütəşəkkil cinayətə qarşı amansız mübarizə aparması ilə tanınır. 2007-ci ildə cinayətkarlar tərəfindən oğurlanıb işgəncələrə məruz qalmış mayor Azevedo öz vəzifəsinə hər zaman sadiq qaldığını nümayiş etdirib. Xidmət göstərdiyi illər o, Braziliyada xarabalıqlarda gizlənən narkotik alverçilərinin kriminal qruplarının zərərsizləşdirilməsi əməliyyatlarında iştirak edib.


Birmada siyasi görüşlərinə görə 11 il həbsdə saxlanmış keçmiş siyasi məhbus Zin Mar Aunq həyatını demokratiya, qadınlar üçün imkanlar və münaqişələrin həlli kimi işlərə həsr edib. O, Ranqunda qadın siyasi məhbusların assosiasiyası və Birmada vətəndaş cəmiyyəti fəallarının təhsilinin artırılması üçün siyasi elmlər məktəbini yaradıb.


Kolumbiyada araşdırmaçı jurnalist Jinet Bedoya Lima həyatını riskə qoyaraq, mürəkkəb təhqiqatların üstünü açmışdır. 2000-ci ildə yarı-hərbi dəstənin başçısı ilə həbsxanada müsahibə keçirməyə gedən Jinet silahlı dəstənin üzvləri tərəfindən oğurlanmış və zorlanmışdır. Bu hadisədən sonra Jinet təhqiqatları davam etdirməklə yanaşı, gender əsasında və seksual zəmində zorakılıq hallarının araşdırılması istiqamətində iş aparır. Onun fəaliyyəti qadın jurnalistlərlə yanaşı, zorakılığa məruz qalıb ədalət tələb edən qadınları ruhlandırır. Jinet hazırda Oxfam təşkilarının zorlanma əleyhinə kampaniyasının sözçüsüdür.


Memar Hana El Hebşi Liviyada inqilabın birlik simvolu hesab edilir. O mənsub olduğu Bərbər tayfasının adı olan Numidiya təxəllüsü altında zorakılıq hallarının qeydə alınması ilə məşğul olub. Hana El Hebşi öz fəaliyyəti ilə vətənində baş verən hadisələri dünyaya çatdıraraq, bunu arzulayan Liviya xalqının ümidlərinin rəmzinə çevrilib.


Maldiv adalarında gender bərabərliyi uğrunda mübarizə aparan fəal Anesa Ahmed Qadın Məsələləri üzrə nazir vəzifəsində çalışıb. O, vəzifədən getdikdən sonra “Qadınlar üçün Ümid” adlı qeyri-hökumət təşkilatı yaradaraq, qadınların cinsi orqanlarının axtalanması kimi məsələlərin ictimai müzakirəyə çıxarılmasında mühüm rol oynayıb.


Pakistanda insan hüquqları fəalı Şad Begum yaşadığı olduqda mühafizəkar Xuber Paktunkva vilayətində qadınların siyasi iştirakı məsələsində böyük dəyişikliyə nail ola bilb. Davranış və Bilik Transformasiyası adlı təşkilatın təsisçisi və direktoru kimi Şad Begum Pakistanın ən mühafizəkar bölgələrində qadınların həyatının yaxşılaşdırılması istiqamətində işi davam etdirir.


Səudiyyə Ərəbistanında qadın hüquqları fəalı Samar Bədəvi qadınların səsvermə hüququ və qadınların ictimai yerlərdə müşayiət edilməsi kimi ölkəsində qadınlar üçün iki ən mühüm məsələdə öz fikrini ifadə etmişdir. Samar Bədəvi qadınların böyük məhdudiyyətlərlə qarşılaşdığı Səudiyyə Ərəbistanında müşayiət sistemindən ifrat istifadə edilməsi və sevdiyi insanla ailə həyatına qurmasına mane olduğu üçün öz atasını məhkəməyə verən ilk qadındır. O həmçinin qadınlara səsermə hüququ verilməsini tələb edərək, hökuməti məhkəməyə verən və başqa qadınları da eyni işi görməyə təşviq etmək üçün internetdə kampaniya başlayan ilk qadın olub.


Sudanda Darfur qaçqını olmuş Hava Adbulla Məhəmməd Saleh 2003-cü ildə ğz kəndini tərk edərək həyatının böyük hissəsini məcburi köçkün kimi yaşayıb. Məcburi köçkünlərin vəziyyəti haqda açıq danışdığına görə o, Sudan hökuməti tərəfindən bir neçə dəfə həbsə alınıb və 2011-ci ildə ölkəni tərk etməli olub. Hava Adbulla Məhəmməd Saleh bir zaman vətənə qayıdıb Darfurda qadın və uşaqların hüquqlarının müdafiəsini davam etdirə biləcəyinə ümid bəsləyir.


Türkiyədə millət vəkili Şafak Pavey fiziki sağlığında böyük problemlərə baxmayaraq, ölkədə və qlobal miqyasda qaçqınlar və əlillərin hüquqlarının müdafiəsi ilə məşğul olur. Qəza nəticəsində özü əlil olan Şafak Pavey BMT-nin Qaçqınlar agentliyi ilə Yaxın Şərq, Cənubi Asiya və Afrika ölkələrində əlillərin problemlərinin həlli istiqamətində geniş fəaliyyət göstərib. Dünyanın hansı yerində olursa-olsun, o, əlil olan insanların ruhdan düşməməsi üçün öz misalında əlilliyini qlobal səviyyədə güc və mübarizə obyektinə çevirə bilib. Türkiyə parlamentinin üzvü seçildikdən sonra o, əlillər, qadınlar və azlıqların hüquqlarının müdafiəsini davam etdirir.

Mükafatların təqdim edilməsi mərasimindən sonra qadınlar Qadın Liderlik Proqramı çərçivəsində ABŞ-ın müxtəlif ştatlarında amerikalı həmkarları ilə təmaslar qurur.

ABŞ Dövlət Departamenti bildirir ki, mükafat qadınların iqtisadi inkişafın artdığı ölkələrdə rolu, habelə sülh və sabitlik işinə verdiyi töhfələri vurğulamaq məqsədilə təqdim edilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG