Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarının, potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara kömək edilməsi üzrə potensialların artırılması” layihəsi çərçivəsində bu ilin yanvarından Lənkəran şəhərində (Bakıdan 272 kilometr cənub) yerləşən “Cənub Regional” Televiziya Şirkətində ictimai debatlar təşkil edib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında deyilir.
İctimai debatlar insan alverinin səbəb və formaları, cəlbetmə yolları və qanunvericilik, insan alveri kontekstində ailə münasibətləri, erkən nigahlar və ailədaxili zorakılıq, insan alveri qurbanlarının problemləri, onların inteqrasiya və reinteqrasiya mexanizmləri, insan alveri kontekstində qadınlar, gənclər, gənc ailələr və digər risk qrupları üçün hüquqi, psixoloji, tibbi yardım formaları, miqrasiya, səbəblər və formalar, viza və deportasiya anlayışları, məcburi əmək qurbanları və potensial qurbanlara birbaşa yardımın göstərilməsi mövzularını əhatə edib.