Accessibility links

Hindistanın baş naziri Modi Ukrayna prezidenti Zelenski ilə danışıqlar aparmaq üçün Kyivə səfər edib


Hindistanın baş naziri Narendra Modi prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün cümə günü Kyivə gedib. Bu, Kyiv 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanmasından sonra Hindistanın baş nazirinin Ukraynaya ilk səfəridir.

Səfər Ukraynadakı müharibənin qeyri-sabit bir məqamına - Ukrayna qüvvələrinin avqustun 6-dakı müdaxiləsindən sonra hələ də Rusiyanın qərbindəki Kursk bölgəsində olduğu, Rusiya qoşunlarının isə Ukraynanın şərqində yavaş, lakin davamlı irəliləyişlər etdiyi vaxta təsadüf edir.

Modinin iyul ayında Moskvaya səfərindən sonra baş tutan Ukrayna səfəri müharibəni sona çatdırmaq üçün ədalətli həll yolu təmin etmək səylərində Qlobal Cənubda diplomatik əlaqələri inkişaf etdirməyə çalışan Qərbin dəstəklədiyi Kyiv üçün çox vacibdir.

Modi X səhifəsində "Bu gün səhər tezdən Kyivə çatdım. Hindistan icması çox səmimi qarşıladı" yazıb.

Ukrayna dəmir yolları şirkəti onun vaqondan endiyi və Ukrayna rəsmiləri tərəfindən qarşılandığı görüntüləri paylaşıb.

Səfər ərəfəsində o, "davam edən Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair perspektivləri" bölüşməyi səbirsizliklə gözlədiyini bildirib.

Modinin keçən ay Moskvaya səfəri Rusiyanın Ukraynaya ağır raket zərbəsi endirdiyi və uşaq xəstəxanasını vurduğu vaxta təsadüf edib.

Bu səfər Zelenskinin sərt tənqidinə səbəb olub və o deyib ki, "dünyanın ən böyük demokratiyasının liderinin Moskvada dünyanın ən qanlı cinayətkarını belə bir gündə qucaqladığını görmək böyük məyusluq və sülh səylərinə sarsıdıcı zərbədir."

Ukrayna prezidenti ofisinin müşaviri Mixailo Podolyak Reuters xəbər agentliyinə deyib ki, Modinin Kyivə səfəri əhəmiyyətlidir, çünki Dehli Moskva üzərində "həqiqətən də müəyyən təsirə malikdir".

"Belə ölkələrlə səmərəli əlaqələr qurmaq, onlara müharibənin - onların maraqlarına da uyğun olan - düzgün sonunun nə olduğunu izah etmək bizim üçün son dərəcə vacibdir" - deyə, Podolyak bildirib.

Ənənəvi olaraq Moskva ilə sıx iqtisadi və müdafiə sahəsində əlaqələri olan Hindistan müharibədə günahsız insanların ölməsini açıq şəkildə tənqid edib.

Lakin Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən və hərbi müdaxiləyə görə onunla ticarət əlaqələrini kəsdikdən sonra o, Moskva ilə iqtisadi əlaqələrini daha da gücləndirib.

Forum

XS
SM
MD
LG