Accessibility links

İlqar Nəsibovun işinə xitam verilib


İlqar və Məlahət Nəsibovlar
İlqar və Məlahət Nəsibovlar

Oktyabrın 5-də Naxçıvan şəhər məhkəməsinin hakimi Mehman Allahverdiyevin sədrliyi ilə Naxçıvan sakini Fərid Əsgərovun hüquq müdafiəçisi İlqar Nəsibova qarşı iddiasına baxılıb.

Hakim cinayət işinin icraatına xitam verib.

Hakimin bu qərarı çıxarmasına səbəb noyabrın 4-də İlqar Nəsibovun analoji iddiası üzrə keçirilən məhkəmədə iddiaçının F.Əsgərovu bağışlaması olub. Buna cavab olaraq F.Əsgərov da İ.Nəsibova qarşı iddiasını geri götürüb. Nəticə etibarilə hakim tərəflərin bir-birindən şikayətçi olmamasını əsas gətirərək icraata xitam qərarı çıxarıb.

Bundan əlavə, məhkəmə İ.Nəsibovun üzərindən polis nəzarətinin götürülməsi haqda qərar çıxarıb. Amma qərarın 20 gündən sonra icraya yönəldiləcək. Bu, tərəflərin qərardan appelyasiya şikayəti verməsi müddəti ilə bağlıdır. Bu müddət başa çatdıqdan sonra polis nəzarətinin aradan qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il avqust ayının 21-də Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi İlqar Nəsibov Fərid Əsgərov və tanımadığı daha bir neçə nəfər tərəfindən ofisində amansızcasına fiziki zorakılığa məruz qalıb. Bu zorakılıq nəticəsində İ.Nəsibov ciddi bədən xəsarətləri alıb.

Bundan sonra İ.Nəsibov F.Əsgərova qarşı cinayət işi qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. F.Əsgərova xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb. Cinayət işi qaldırılandan sonra F.Əsgərov da hüquq-mühafizə orqanlarına analoji şikayət edib və İ.Nəsibova qarşı cinayət işi qaldırılıb.

XS
SM
MD
LG